Ana Sayfa > Özəl > Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır

Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır


3-10-2023, 11:32. Yazar: sevinc1
Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalizminə məruz qalmışdı. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Horadiz əməliyyatında - 1994-cü il yanvarın 5-də Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğaldan azad etdi. Bu sıradan Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu. İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İndi Cəbrayıl Günü də böyük sevinclə qeyd olunacaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. İşğaldan azad olunan Cəbrayıl rayonunda son üç il ərzində bərpa və abadlıq-quruculuq işlərinin aparılır. Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. Ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır.

Ramil Tağıyev,
Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru

Geri dön