Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Cəbrayılın azad olunması Vətən müharibəsinin ən əhəmiyyətli qələbələrindən biri idi”
Aqiyə Naxçıvanlı: “Cəbrayılın azad olunması Vətən müharibəsinin ən əhəmiyyətli qələbələrindən biri idi”3-10-2023, 10:54. Yazar: sevinc1 |
“2020-ci ilin oktyabr ayının 4-ü Azərbaycan tarixində ən şərəfli günlərdən biri kimi əbədi qalacaq. Çünki məhz həmin gün əldə olunmuş Qələbənin, Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin sonrakı gedişi üçün çox böyük əhəmiyyəti var idi. Dünya hərb sənətinin tarixində nadir hallarda rast gəlinən haldır ki, müharibənin ilk günündə yaşayış məskənləri işğaldan azad edilir. Şanlı Azərbaycan ordusu Cəbrayılın iki kəndini – Böyük Mərcanlı və Nüzgar kəndlərini məhz sentyabrın 27-də işğalçılardan təmizləmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğaldan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də isə Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Bu əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın-Xankəndi yolu Azərbaycanın nəzarətinə götürüldü.” Bu fikirləri mərbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Deputat qeyd edib ki, 27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib: “İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Rayon ərazisində olan çox sayda tarixi-mədəni abidələr erməni vandalları tərəfindən dağıdılmış, talan edilmişdir. Bunlardan Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələrini, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, yenə də Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə” və bir çox digər abidələri göstərmək olar. Lakin Azərbaycan bütün bu dağıntıları bərpa edəcək. Möhtəşəm qələbəmizdən sonra keçən 3 il ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işləri bunu deməyə əsas verir ki, bu yerlərdə həyat artıq öz axarına düşməkdədir. O cümlədən, Cəbrayıl camaatı tezliklə öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcəklər. Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir.” Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Cəbrayıl rayonuna etdiyi səfərlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Cənab Ali Baş Komandan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin dövlət başçısı 2021-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Həmin səfər çərçivəsində cənab Prezident Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini, daha sonra isə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymuşdur. Ölkə Prezidentinin işğaldan azad edilmiş bölgələrə hər bir səfəri bu ərazilərdə görülən işlərin ən yüksək səviyyədə həyata keçirilməsi baxımından güclü stimul rolunu oynayır və bu işlərin birbaşa dövlətimizin xüsusi diqqətində saxlandığını göstərir. Sonda bir məqamı da xüsusi qeyd etmək istərdim ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu sərəncamlar əlbəttə ki, Vətən müharibəsinin bütün iştirakçılarına göstərilən ali diqqətin daha bir təzahürüdür” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |