Ana Sayfa > Seçilənlər > İcra başçısının fəaliyyətində nöqsanlar aşkarlandı
İcra başçısının fəaliyyətində nöqsanlar aşkarlandı31-08-2016, 12:31. Yazar: admin |
Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib. “Qafqazinfo” Hesablama Palatasına istinadla xəbər verir ki, audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin "Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi" layihəsi üzrə ümumilikdə 31363,8 min manat məbləğində vəsaiti əhatə edib. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. Tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb. Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilməyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb. Bu il yanvarın 1-nə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyərinin, 10 obyekt üzrə isə kreditor borc məbləğinin mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib. Hesablama Palatasının kollegiyası Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Biləsuvar Rayon İcra Hakimiyyətinə göndərilib. Kollegiya, eyni zamanda, istismara verilmiş obyektlər üzrə müddət nəzərə alınmaqla keyfiyyət zəmanəti kimi saxlanılmış vəsaitlərin ödənilməsinə əsas verən, eləcə də tikintinin keyfiyyətinin qoyulmuş tələblərə uyğunluğunun yoxlanılması məqsədilə meyarların müəyyənləşdirilməsini tənzimləyən normativ sənədin hazırlanması üçün Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq təklif verilməsi ilə də bağlı qərar qəbul edib. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb. Geri dön |