Ana Sayfa > Özəl > HEYDƏR ƏLİYEV – ƏBƏDİYAŞAR LİDER!

HEYDƏR ƏLİYEV – ƏBƏDİYAŞAR LİDER!


29-09-2023, 11:55. Yazar: sevinc1
HEYDƏR ƏLİYEV – ƏBƏDİYAŞAR LİDER!

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri isə Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb. 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir.
Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Ulu Öndər Heydər Əliyevin mülahizələri hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və onun müdrik siyasətini birmənalı olaraq qəbul edirdilər.

Ümummilli Liderin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Geri dön