Ana Sayfa > Gündəm / Özəl > AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirdi

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirdi


28-09-2023, 09:47. Yazar: sevinc1
AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti  27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirdi

Tədbirin əvvəlində Azərbyacanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə açan AHİ-nin sədri professor Habil Qurbanov bildirdi ki, üç il əvvəl xalqımız müasir tariximizin ən taleyüklü gününü yaşadı. Azğın ermənilər 27 sentyabr 2020-ci ildə xalqımıza yeni qanlı faciələr yaşatmaq, daha çox ərazilər işğal etmək üçün bütün təmas xətti boyu xain hücuma keçdilər. Hücumu dəf edən qəhrəman ordumuz Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşməni məhv etmək və torpaqlarımızı işğaldan azad etmək məqsədi ilə geniş miqyaslı əks hücuma keçdi. Beləcə, yaddaşlarda 44 Günlük Müharibə kimi qalan və şanlı zəfərlə yekunlaşan Vətən Müharibəsi başladı. Cənab Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə br yumruq kimi birləşən xalqımız döyüş meydanında düşmənin başını əzməyə başladı. Bu 44 gündə bizi qələbədən-qələbəyə aparan məhz bu sarsılmaz birliyimiz oldu. Müharibə bizə bir daha dostumuzu və düşmənimizi də tanıtdı. Qədirbilən xalqımız o çətin günlərdə qardaş Türk xalqının, onun böyük lideri cənab Rəcəb Taib Ərdoğanın tutduğu ədalətli mövqeyini, bizə olan dəstəyini heç vaxt unutmayacaq. Vətən Müharibəsi dövründə bütün dünya Türkiyə və Azərbaycanın sarsılmaz birliyinin, qardaşlığının bir daha şahidi oldu. Müharibə xalqımız, dövlətçiliyimiz üçün tarixi sınaq idi. Hər gün şəhid verməyimizə baxmayaraq on minlərlə mərd oğullarımız şəhidlərin yerini doldurmaq, sıraları daha da sıx etmək üçün könüllü cəbhəyə yazılırdılar. Biz şəhərlərimizə atılan balistik raketlərdən qorxmadan, mütəmadi hərbi dəstək alan düşməndən çəkinmədən, böyük dövlətlərin siyasi tələblərinə boyun əymədən addım-addım şanlı qələbəmizə doğru irəlilədik. 44 günlük müharibənin sonunda qazandığımız zəfər həm də xalqımızın milli ruhunun, sarsılmaz iradəsinin təntənsi idi.
Çıxışına davam edən prof. H.Qurbanov dedi ki, qələbəmizdə ən böyük pay sahibi məhz şəhidlərimizin şücaəti ilə bağlıdır. Minlərlə Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi və yüksək şəhidlik məqamına ucaldı. Qədirbilən xalqımız şəhidlərin xatirəsini hər zaman uca tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabrın Anım Günü olaraq qeyd edilməsi ilə bağlı 02 dekabr 2020-ci ildə imzaladığı Sərəncamı şəhidlərimizin ruhuna, xatirəsinə olan ehtiramın bir nümunəsidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, mənzil problemlərinin həll edilməsi üçün mütəmadi olaraq ciddi işlər görülür. Bu işlər dövlətimizin sosial layihələrinin əsas prioritetini təşkil edir. Bu baxımdan, AMEA-da çalışan şəhidlərin ailə üzvləri akademiya rəhbərliyinin daim diqqət mərkəzindədirlər. Akademiyanın Azad Həmkarlar İttifaqı da şəhid ailələrinə olan qayğı və dəstəyini əsirgəmir.
Sədr H.Qurbanov 44 günlük müharibənin yekununda qəbul edilən 10 noyabr bəyanatına əməl etməyərək silahlı qüvvələri Qarabağdan çıxarmayan, təxribatlar törədən ermənilərin bu əməllərinin tam olaraq qarşısını almaq məqsədilə 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən danışaraq, 24 saatdan az vaxtda başa çatdırılan bu əməliyyat nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri Bağırova Sitarə, Əfəndi Arif və digərləri Vətən Müharibəsində əldə edilən zəfərin tarixi əhəmiyyəti haqqında fikir bildirdilər. Dedilər ki, bugün Azərbaycanın suveren hüquqlarının bütün ərazilərimizdə tədbiq edilməsi Vətən Müharibəsində qazandığımız şanlı zəfərimiz sayəsində mümkün oldu. Biz minlərlə şəhidimizin qanı, qazilərimizin rəşadəti ilə 30 illik erməni işğalına son qoyduq. Çıxış edənlər bildirdilər ki, AMEA-nın müəssisə və institutlarında başda şəhidlərin ailə üzvləri olmaqla Vətən Müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir. Onlara maddi yardımlar edilir, müxtəlif istirahət və müalicə müəssisələrinə göndərişlərlə təmin olunurlar. Onların Azad Həmkarlar İttifaqına olan bütün müraciətləri gecikdirilmədən icraata götürülür. Bildirildi ki, Azad Həmkarlar İttifaqında şəhidlərin ailə üzvləri və qazilərlə bağlı həyata keçirilən bütün fəaliyyətlər konkret faktlarla açıqlansa bu, uzun bir siyahını təşkil edər.
Sonda bir daha vurğulandı ki, 30 illik erməni işğalına həyatları bahasına son qoyan, bizə şanlı qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaq, bizlərə əmanət qalan dəyərli ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlar.

aia.az
Geri dön