Ana Sayfa > Özəl > 27 sentyabr- Anım Günü münasibətilə Həyat qədər dəyərli ölüm

27 sentyabr- Anım Günü münasibətilə Həyat qədər dəyərli ölüm


26-09-2023, 17:43. Yazar: sevinc1
27 sentyabr- Anım Günü münasibətilə  Həyat qədər dəyərli ölüm

44 günlük şanlı zəfərimizdə çox igidimiz vətən, torpaq yolunda öz şirin canından keçdi. İkinci Qarabağ müharibəsi başlanan andan döyüşə gedən oğullar ürəklərində bir istək tutdular: artıq yetər, nəyin bahasına olursa-olsun 30 il düşmən tapdağında qalan müqəddəs Azərbaycan torpaqları azad edilməlidir. Ağır döyüşlər hesabına deyilənlər həyata keçdi.
İgidlərimiz qələbəyə gedən yolda şəhidlik zirvəsinə ucalmaqla böyük bir xalqı xoşbəxt gələcəyə aparan zəfərimizi cismən şahidi olmadan aramızdan getdilər. Mayor Ramil Mərdan oğlu Ağayev də onlardan biridir.
Dağlar diyarı Lerikli balasının ömür yolu cəmi 36 il çəkdi. Bu işıqlı dünyada az yaşasa da, xalqına layiqli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə verdi.
Ramil 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib qəlbini tam Vətənə, torpağına bağlayır. Onları canından, qanından artıq sevir. Elə bu ilahi sevgi Qarabağın düşmən tapdağında olmasına ona heç cür rahatlıq vermir. Onun azad olması üçün canını belə hər an qurban verməyə hazır olur. Leytenant rütbəsi ilə xidmət etdiyi hərbi hissədə əsgərlər və zabitlərin hörmətini qazanır. Tabeliyində olanlar Ramilə təkcə komandir kimi deyil, həm də böyük, sədaqətli qardaş tək inanırlar, vətəni necə sevməyi, torpağı necə qorumağı ondan öyrənirlər.
Mingəçevirdə, Murovdağ silsiləsində Vətənin şərəfini ləyaqətlə qoruyur. Layiq olduğu rütbələrini alır. Adəti üzrə xidmət etdiyi hərbi hissələrdə hamının iftixar mənbəyi, qürur yeri olur. 2016-ci ilin Aprel döyüşlərində göstərdiyi xüsusi şücaəti ilə yaddaşlarda qalır. Belə ki, Lələtəpənin alınmasında dığalara qan uddurur. Bu uğura görə Ramilə mayor rütbəsi verilir.
Həmişə Qarabağın taleyinə yanan igid, cəsur mayor Ramil İkinci Vətən müharibəsinə işğalçılar üzərində tam qələbə çalmaq istəyi ilə girir. İlk gündən bir neçə ağır döyüşdə qəhrəmanlıq göstərir. Öndə getməsi, igidliyi onunla çiyin- çiyinə döyüşənləri də irəliyə, yalnız qələbəyə səsləyir. Təkcə Cəbrayıl döyüşlərində düşmənin 12 tankını sıradan çıxardır. Dəfələrlə yaralıları ağır döyüş meydanından ləngimədən, məqamında çıxarmaqla, onlara ikinci həyat verir. Qəhrəman Ramil Füzulinin yaşayış məntəqələrin alınmasında da düşmənləri ağır itkiyə məruz qoyur. Təəssüf ki, 2020-ci ilin oktyabrın 8-də düşmən tərəfindən atılan güllə onun Vətənlə birgə döyünən qəlbinə dəyir. Beləcə ömrünün 32-ci baharında həyat qədər dəyərli bir ölüm qismətinə çıxır. Mənfur düşmənə olan qəzəbi, nifrəti, intiqamı yerdə qalmır. Ordumuz 44 günə Qarabağı erməni faşistlərindən tam təmizləyir və Azərbaycanın ərazi bütövlüyü təmin olunur...
Mayor Ramil 15 illik xidməti dövründə vətəninə, xalqına sədaqətli olmaqla, torpağının qürurunu hər şeydən üstün tutmaqla həmişə gərəkli, layiq bir oğul tək yaşadı. Bu vicdanlı həyat da əbədi olaraq ona millətin qəlbində yaşamaq xoşbəxtliyini gətirdi.
Qəhrəmanımız layiqli xidmətə görə dövlətimiz tərəfindən çoxlu orden, medal almışdı. Vətən müharibəsində aldığı “ Vətən uğrunda” medalı da bu təltiflərə əlavə olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü
aia.az
Geri dön