Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Azərbaycan istənilən düşmənin təxribatlarına dərhal layiqli cavab verməyə qadirdir”

Gülər Sultanzadə: “Azərbaycan istənilən düşmənin təxribatlarına dərhal layiqli cavab verməyə qadirdir”


22-09-2023, 10:15. Yazar: sevinc1
Gülər Sultanzadə: “Azərbaycan istənilən düşmənin təxribatlarına dərhal layiqli cavab verməyə qadirdir”

“Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində Ermənistanın ölkəmizə qarşı mütəmadi olaraq həyata keçirdiyi hərbi diversiya və terror aktları, siyasi müstəvidə törədilən təxribatlar Azərbaycanı növbəti dəfə öz gücünü göstərmək məcburiyyətində qoydu. Sentyabrın 20-də xalqa müraciət edən Ölkə Prezidenti cənab İlham Əliyev bir daha bütün bu baş verənlərə dair ölkə ictimaiyyətinə ətraflı açıqlamalar təqdim etdi. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq çox sayda minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ötən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Həmçinin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Daha sonra partiya fəalı Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsində ölkəmizin suverenliyinin bərpa edildiyini vurğulayıb: “Əməliyyatların gedişində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq gnümayiş etdirmiş və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistanın Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və rəsmi İrəvanın öhdəliyinə baxmayaraq bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə Ali Baş Komandan tərəfindən verilmiş ciddi tapşırığa uyğun olaraq, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur. Azərbaycanın dəmir yumruğu bu dəfə də öz təsirini dərhal göstərdi. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul edərək təslim oldular. Sentyabrın 21-də isə Qarabağda yaşayan erməni icmasının nümayəndələri artıq Yevlax şəhərində rəsmi Bakının təmsilçiləri ilə görüşə gəldilər. Halbuki, dövlət başçımızın ötən dövrdə dəfələrlə etdiyi bu təklif uzun müddət cavabsız qoyulurdu.”

Öz fikirlərini davam etdirən müsahibimiz bunu da qeyd edib ki, antiterror tədbirləri bütün Cənubi Qafqazda yeni reallığa, uzunmüddətli sülhə yol açır: “Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilərlər. Bu insanlar da Azərbaycan vətəndaşlarıdırlar. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü və onların beyinlərini zəhərləmişdi. Azərbaycanın niyyəti bölgədə sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Əgər Ermənistan da bundan sonra revanşist fikirlərlə yaşamaqdan əl çəksə Cənubi Qafqaz indiyədək heç zaman yaşamadığı tarixi inkişaf və çiçəklənmə yoluna qədəm qoya bilər. Amma bunun üçün həm də bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələrin, saxtakarların, korrupsiyalaşmış siyasətçilərin regionda gedən proseslərə müdaxilə etmələrinin qarşısı alınmalıdır”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.




Geri dön