Ana Sayfa > Parlament > Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib


21-09-2023, 16:57. Yazar: sevinc1
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib

Dövlət başçısının , 2023-cü ilin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, 21 sentyabr 2023-cü il tarixində şəhərin Hacıqəhrəmanlı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan, eyni zamanda Şirvan şəhəri ərazisində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri və nəzərdə tutulmuş tədbirlərdən danışıb.

İlqar Abbasov son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulmasının, ərazilərimizin minalanmasının davam etdirilməsinin, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasının gərginliyin artmasına səbəb olduğunu bildirərək, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib.

Səyyar görüşdə iştirak edən Milli Məclisin deputatı İltizam Yusifov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Bütün bunlara cavab olaraq, Azərbaycan tərəfi antiterror tədbirləri keçirməli olub.

Daha sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Daha sonra vətəndaşların müraciəti əsasında yenidən təmir olunaraq, qəsəbə sakinlərinin istifadəsinə verilən tibb məntəqəsinə baxış keçirilib.
Geri dön