Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “ABŞ-ın destruktiv Cənubi Qafqaz siyasəti bu ölkənin regional proseslərdən tam təcridinə səbəb ola bilər”

Novruzəli Aslanov: “ABŞ-ın destruktiv Cənubi Qafqaz siyasəti bu ölkənin regional proseslərdən tam təcridinə səbəb ola bilər”


17-09-2023, 09:37. Yazar: sevinc1
Novruzəli Aslanov: “ABŞ-ın destruktiv Cənubi Qafqaz siyasəti bu ölkənin regional proseslərdən tam təcridinə səbəb ola bilər”

“Amerika Birləşmiş Ştatları İkinci Dünya Müharibəsindən dərhal sonra başlamış, bəzi mənbələrə görə isə, həmin müharibənin bilavasitə davamı kimi səciyyələndirilən və mahiyyət etibarı ilə ABŞ və SSRİ arasında dünya hökmranlığı uğrunda mübarizənin ən bariz təzahürü olan “soyuq müharibə” dövründə özünü dünya ictimaiyyətinə demokratiyanın daşıyıcısı kimi qismən də olsa qəbul etdirməyə nail olmuşdu. Lakin bu vəziyyət 1991-ci ildə, SSRİ-nin süqutundan sonra radikal şəkildə dəyişdi. Artıq yeni dünya düzənini öz istəklərinə uyğun qurmaqda qarşısında heç bir maneə görməyən ABŞ yarım əsrə yaxın müddət ərzində simasını arxasında gizlətdiyi maskanı gəzdirməyə heç bir lüzum görmürdü. Bununla belə, dünya ictimaiyyətinin qınağına birbaşa tuş gəlməmək üçün ABŞ yeni “düşmənlərin” müəyyən edilməsi istiqamətində konkret tədbirlər görməyi də unutmadı. 2001-ci ilin 11 sentyabr terror aktlarının kim tərəfindən və hansı məqsədlərlə həyata keçirildiyinə dair ABŞ tərəfindən təqdim olunan açıqlamalar bu gün də dünyada birmənalı qəbul olunmur. Mahiyyət etibarı ilə bu hadisələr dünyada islamofobiyanın formalaşmasına möhkəm zəmin yaratmış oldu. Yaxın Şərq ölkələrinin zəngin təbii ehtiyatlarını öz nəzarətinə götürmək üçün ABŞ İslamı “sivil dünya”nın bir nömrəli düşməni kimi qələmə verməyi bacardı. Bundan sonra heç kimlə hesablaşmadan İraq, Liviya, Əfqanıstan kimi ölkələrə təcavüz edən ABŞ bu ölkələri sözün əsil mənasında xarabalıqlara çevirdi, xalqlarını isə tarixi inkişaf yollarından yüz illər geri ataraq, onları zəlalət və səfalətə düçar etdi. Yaxın Şərq ölkələrində xarici intervensiya və daxili silahlı qarşıdurmalar milyonlarla insanın ölümünə səbəb oldu. Bütün bunlara görə məsuliyyət isə birbaşa ABŞ-ın üzərindədir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat bu gün ABŞ-ın Cənubi Qafqazda da ötən əsrin 90-cı illərində Şərqi Avropada, bir qədər sonra isə Yaxın Şərqdə həyata keçirdiyi siyasəti tətbiq etməyə çalışdığını qeyd edib: “Cənubi Qafqazın zəngin təbii ehtiyatları, eləcə də region ölkələrinin malik olduqları əlverişli geostrateji mövqeləri hər zaman Qərb dövlətlərinin diqqətini cəlb edib. SSRİ dönəmində Rusiya bu regionda hakim mövqelərə malik idi və bu vəziyyət Qərbin bölgəyə hər hansı müdaxiləsini birmənalı olaraq istisna edirdi. 1990-cı ildən sonra keçmiş İttifaq respublikalarının öz müstəqilliklərini elan etmələri ilə Rusiyanın Cənubi Qafqazda mövqeləri də sürətlə zəifləməyə başladı. Qərb ölkələri, eləcə də ABŞ yaranmış vəziyyəti real imkan kimi dəyərləndirməyə çalışdılar. Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanın 1991-1992-ci illərdə keçmiş Yuqoslaviya misalında parçalanmasına və ölkəmizin ərazisində bir neçə xırda marionet dövlətin yaradılmasına hesablanmış planlar da məhz ABŞ, Fransa və bəzi digər Qərb ölkələrinin maraqlarına xidmət etmiş olcaqdı. Lakin həmin dönəmdə Azərbaycanda Heydər Əliyevin hakimiyyətə qayıtması bu planları alt-üst etdi. Qısa zamanda özünü toparlayan və iqtisadi inkişa yoluna qədəm qoyan Azərbaycan Cənubi Qafqazın heç də asan hədəf olmayacağını bütün dünyaya bəyan etdi. Bundan sonra xarici siyasətinin əsasında riyakarlığın, xəyanətin və satqınlığın durduğu ABŞ və Fransa kimi dövlətlər öz məqsədlərinə nail olmaq üçün Ermənistan kartını oynamaq qərarına gəldilər. Məhz bu oyunun şərtlərindən biri kimi, ABŞ və Fransa 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün heç bir addım atmadılar. Əksinə bu ölkələr əllərindən gələni etdilər ki, Qarabağdakı separatçı qondarma rejim möhkəmlənsin və qanuni hüquqlar əldə etsin. İllər boyunca bu rejimə mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi, “Qarabağa yardım” adı altında vəsaitlər toplandı. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.”

Daha sonra N.Aslanov ABŞ-ın bu gün Qarabağ ətrafında gedən proseslərə münasibətdə aşkar ermənipərəst mövqelərdən çıxış etdiyini və bu yolla Azərbaycana təsir rıçaqları əldə etməyə çalışdığını vurğulayaraq bunları deyib: “Azərbayacna qarşı açıq-aşkar düşmənçilik münasibətləri sərgiləyən Fransadan fərqli olaraq ABŞ hələ də Qarabağ ətrafında gedən proseslərə müdaxilə cəhdlərini ikili standartlar siyasəti ilə maskalamağa müəyyən cəhdlər edir. Aydındır ki, bütün xarici təzyiqlərə müqavimət göstərməyi bacaran, öz gücünə torpaqlarını işğaldan azad etmiş və ən əsası müstəqil siyasət yürüdən Prezidenti olan Azərbaycanın regionda mövcudluğu ABŞ-ın Cənubi Qafqazda hegemonluq şanslarını heçə endirir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmək adı altında faktiki olaraq bu prosesi əngəlləməklə məşğuldur. Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də Ağdam-Xankəndi marşrutunun açılması nəzərdə tutulmuşdu. Dövlət katibi Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. Ölkəmizdə destabillik yaratmaq cəhdlərini gücləndirən ABŞ indi də milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Azərbaycana qarşı təsir rıçaqları əldə etmək üçün iyrənc üsullara əl atan ABŞ faktiki olaraq Fransanın yolunu gedir. Təbii ki, belə davam edərsə, Biləşmiş Ştatlar da perspektivdə elə Fransa kimi Cənubi Qafqazda gedən proseslərdən tam təcrid oluna bilərlər”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön