Ana Sayfa > Siyasət > Vaşinqton separatizmə rəvac verir: məkrli siyasətin gerçək mahiyyəti

Vaşinqton separatizmə rəvac verir: məkrli siyasətin gerçək mahiyyəti


16-09-2023, 23:24. Yazar: sevinc1
Vaşinqton separatizmə rəvac verir: məkrli siyasətin gerçək mahiyyəti

Nəhayət ki, ABŞ öz gizlin sifətini bir daha göstərdi. İkili standartlarla münasibətlər quran, üzdə demokratiyadan, haqq ədalətdən dəm vuran ABŞ-nin bu riyakarlığı zatən hamıya bəlli bir məsələdir. Lakin bəzən insan haqları, ədalət mövzusunda gur-gur guruldayan Amerika Birləşmiş Ştatları özünə sərf etməyəndə susqunluq nümayiş etdirməkdən zövq alırmış kimi susur və qeyd edilən dəyərlər arxa plana keçir.
ABŞ harada olursa olsun, orada çiçəklənən, rufah halının yaxşılaşmasını göstərən bir nəsnə olduğuna kimsə nümunə gətirə bilməz. Çox da tarixin qədimlərinə getməyə lüzum yoxdur. Elə gözlərimiz önündə, Misirdə, Liviyada, Tunisdə, İraqda, Əfqanıstanda baş verənlərə nəzər salmaq kifayətdir. ABŞ-nin yağlı vədləri ilə inqilaba qoşulan xalqların indi hansı gündə olduğunu hamı yaxşı bilir.
Zaman-zaman Azərbaycanda radikal müxalifəti yallandırıb hakimiyyətə gətirəcəyi vədi ilə xaos yaratmağa cəhd göstərən Sem dayı indi də başqa yola əl atıb. Milli dəyərlərimizə, əxlaqımıza, min illik gələnəklərimizə zidd qüvvələri meydana buraxmaqla onların əli ilə cəmiyyətdə gərginlik mühiti yaradan ABŞ deyilsə, bəs kimdir?
Qardaş Türkiyəni bir neçə il bundan əvvəl məhvə sürükləmək planı baş tutmadıqdan sonra bölgədə indi də ermənilərə dəstək verib yeni qan ocaqları yaratmağa çalışan da ABŞ-dir.
Onun-bunun əlində yüz illərdir oyuncağa çevrilən ermənilər də Yaxın Şərq ölkələrinin gününə düşməyə namizəddir. İndiyə kimi onu qoruyan, şıltaqlıqlarına dözən, onlara Azərbaycan torpaqları hesabına dövlət yaradan Rusiyanı indi bəyənməyən Ermənistan tez-tələsik ABŞ-nin qoynuna atılmağa hazırlaşır. Bu da təbii ki onlara heç bir xeyir gətirməyəcəkdir. Gözü çıxan qardaşlarından dərs götürməyən bu məxluqlar hələ də başa düşmürlər ki, ABŞ Ermənistanı ikinci Ukrayanaya çevirib pul qazanmaq üçün yeni imkanlar axtarışındadır.
Azərbaycan ABŞ-nin necə “ədalət mücəssəməsi” olduğunu hələ 1992-ci ildən bilir və unutmamışıq. Təcavüzə məruz qalan biz olsaq da təcavüzkar adı ilə 907-ci düzəliş Azərbaycana qarşı tətbiq olunanda bilindi ki. ABŞ Cənubi Qafqazda xristian missionerliyindən başqa bir işlə məşğul deyildir. Ona görə də təbii ki, 30 il ərzində Azərbaycan xalqının dəstəyini qazana bilməmiş və bilməyəcəkdir.
İndi də suveren hüququmuz olan sərhəd-keçid məntəqələri haqqında mənasız tələblər irəli sürən ABŞ senator və konqresmenləri bilməlidir ki, Azərbaycan öz ərazisinə daxil olan yüklərin nədən ibarət olduğunu, kimin gəlib getdiyini bilmək haqqına sahibdir. Tək bircə bu fakt sübut edir ki, ABŞ-nin ikili standartlarının maskalanmış sifəti aydınlaşmış olsun.
Sözdə separatizmin əleyhinə olan ermənipərəst dairələr Qarabağdakı bir ovuc erməninin “seçki” keçirməsinə münasibətini elə ifadə etdi ki, etməsə daha yaxşı olardı. Candərdi, şifahi şəkildə guya bu seçkini tanımadığını ən kiçik məmurun dili ilə səsləndirib ardınca tələblər irəli sürməyin heç bir əhəmiyyəti yoxdur.
Sonda bildirməliyik ki, qeyd edilənlər inkarolunmaz faktlardır. Bu gün Azərbaycan xalqını düşündürən ən əsas məsələ özünün ərazi bütövlüyü və suverenliyidir. Bunlar olmayandan sonra ABŞ-nin vəd etdiyi demokratiya bir qəpiyə dəyməz. Olsa, olsa o demokratiya hərc-mrəclik xaos yarada bilər ki, bu da bizə gərək deyildir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz sözünü demiş xalq olaraq nə milli dəyələrinə, nə də əbədi və əzəli torpaqlarına kimsənin sahiblənməsinə imkan verməyəcəkdir!

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilarının sədri
Geri dön