Ana Sayfa > Gündəm / Təhsil > YAP Zəngilan rayon təşkilatı “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirib.

YAP Zəngilan rayon təşkilatı “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirib.


12-09-2023, 18:20. Yazar: sevinc1
YAP Zəngilan rayon təşkilatı “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirib.

“Heydər Əliyev İli” ilə əlaqədar YAP Zəngilan rayon təşkilatı sentyabrın 12-də Zəngilan rayon Ağalı kəndində “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirib.

AİA.Az xəbər verir ki, əvvəlcə Zəngilan rayonundakı Şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirib ki, müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin müasir dünya standartlarına uyğunlaşdırılması və milli mentalitetə sadiq qalmaq Heydər Əliyev siyasətinin əsas yolu idi. Ulu Öndərin təhsilə böyük önəm verdiyini göstərən bu sözləri çox məşhurdur: “Mən həmişə bütün varlığımla həyatım boyu müəllimə, məktəbə borcluyam. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulur. Hər bir insanın gələcəyi onun məktəbdə dərslərə verdiyi diqqətlə bağlıdır”.
Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqımıza müraciətində təhsil sahəsində görülən işləri yüksək dəyərləndirərək deyirdi:
“Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs etmiş və vurğulamışdır ki, Ulu Öndərimiz “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev də təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoydu. Bütün bunlar isə təhsilə yeni yanaşma tələb etməklə insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratdı.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov çıxışında bildirmişdir ki, dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluğu ilə seçilir. Belə ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır. Xalqımızın böyük oğlu həyatının və dövlət idarəçiliyinin bütün mərhələlərində məhz bu mövqedə dayanaraq təhsilə üstün qiymət verib.


Daha sonra çıxış edən “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İB” idarə heyətinin sədri və “Böyük Qayıdış” MMC-nin təsisçisi və direktoru Emin Əliyev, Zəngilan RİH-nin məsul əməkdaşı İman Məmmədov və Ağalı kənd tam orta məktəbin direktoru Nərmin Həsənova da öz çıxışlarında qeyd ediblər ki, müasir təhsil sistemi üçün yaradılan şəraitin nəticəsidir ki, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır.
Eyni zamanda da diqqətə çatdırılıb ki, Möhtərəm Prezidentin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq təhsil sahəsində əlverişli təlim-tərbiyə şəraiti yaradılmış, tədris ocaqlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenidən qurulmuşdur. Milli təhsilin dünya standartlarına cavab verməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlər görülmüşdür və hazırda bu işlər mütəşəkkil qaydada davam etdirilir.

Tədbirdə həmçinin 2022-2023-ci tədris ilində yüksək bal (600-700) toplayaraq ali məktəblərə qəbul olunan gənclərdə iştirak ediblər. Onlar da öz çıxışlarında gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərə hədiyyələr təqdim edildi.


Geri dön