Ana Sayfa > Özəl > Vətən oğlu Niyaməddinin qəhrəmanlıq dastanı
Vətən oğlu Niyaməddinin qəhrəmanlıq dastanı11-09-2023, 14:22. Yazar: sevinc1 |
Niyaməddin Hüsaməddin oğlu Sultanzadə özünü Vətənə fəda etməyi bacardı. Çünki torpağı qorumaq, vətəninin şərəfini uca tutmaq lap körpəlikdən ana südü ilə hopmuşdu bu mərd igidin canına. İkinci Qarabağ müharibəsində erməni dığalarına qarşı haqq savaşında 22 yaşında şəhidlik zirvəsinə ucalmaqla Vətənə, torpağa sədaqət nümunəsi olaraq ürəklərə köçdü. Masallı şəhərində 10 sentyabr 1998-ci ildə dünyaya göz açan Niyaməddin Sultanzadə müstəqil addımlarını atanda onun özünəməxsus mənəviyyat fəlsəfəsində insanlara gərək olmaq, ürəkdən bağlandığı yurduna fayda vermək durur. Artıq 2016-ci ildə Milli Orduya yola düşəndə el-obada onun xətri hamı üçün əziz idi. Xidmət zamanı Niyaməddin ilk günlərdən vətənpərvər, qorxmaz bir igid kimi özünü göstərir, çox keçmir ki, burada hamının sevimlisinə çevrilir. Vətənin azadlığı üçün qurban getməyə hər an hazır olan igid əsgər öz nümunəvi xidməti ilə Masallı camaatına baş ucalığı gətirir. Əsgərlikdən sonra Niyaməddin 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində çalışır. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinə (qiyabi) daxil olur. Xeyirxahlıq, insanpərvərlik, nəciblik kimi ali dəyərlərlə yaşayır, bütün işlərini xalqın, dövlətin mənafeyi naminə yönəldir. Qaldı ki, bu saf ürəkli cavanın erməni qəsbkarlarına olan nifrəti günbəgün alovlanır. Buna görə də İkinci Qarabağ müharibəsi başlanan gündən Niyaməddin Vətənini qanı bahasına qoruyan oğlanların sırasına qoşulub, yağı düşmənə qarşı əlində silah döyüş meydanına atılır. Və son qarış Vətən torpaqların azad olunacağı günədək dığalara qan qusdurmağa an içir. Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurmaqla tanınır. Onun kimi mərd igidlərin şücaəti sayəsində 30 il əsarətdə qalan Azərbaycanın müqəddəs torpaqları qarış-qarış azad olunur. Hər qazanılan qələbədən sonra Niyaməddinin qollarına yeni bir güc gəlir. Qubadlı döyüşlərində odun-alovun içində dığalara qarşı daya ürəklə vuruşur. Onların çoxlu canlı qüvvəsini, döyüş texnikasını sıradan çıxardır . Son anda isə Vətənə tuşlamış düşmən gülləsini sinəsi ilə dəfn edir. Vətəninə, xalqına ilahi sevgisini torpaq uğrunda axıtdığı qani ilə bildirir... Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra «Vətən uğrunda» medalına layiq görülür. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |