Ana Sayfa > Özəl > Tarixdə yaşayıb tarixi yaşadanlar

Tarixdə yaşayıb tarixi yaşadanlar


8-09-2023, 09:15. Yazar: sevinc1
Tarixdə yaşayıb tarixi yaşadanlar

Birinci Qarabağ müharibəsində Vətənin bütövlüyünü hər şeydən əziz bilən və bu yolda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Valeh Əlizaid oğlu Müslümovdur . O, 1968-ci ildə Lerik şəhərində dünyaya göz açıb. Tez bu işıqlı dünyanı tərk etsə də, şərəfli bir yol keçməklə əbədi olaraq milyonların ürəyində özünə yer etməyi bacardı. Lerik camaatı Valehin adı ilə fəxr edir, örnək olaraq əziz xatirəsini həmişə uca tuturlar. Adəti üzrə 55 yaşının tamamında da Lerik şəhərində tədbir keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailə üzvlərin, rayon sakinlərin qatıldığı tədbirdə şəhidin məzarı və büstü ziyarət olundu, gül çələnginə büründü. Daha sonra Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Vətən sevdalı şəhid Valeh Müslümovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verildi.
Çıxışlar zamanı ” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur”- deyən rayon rəhbəri daha sonra bildirdi ki, Valeh Müslümov Vətən uğrunda canından keçərək 23 yaşında əbədiyyət dünyasına qovuşub. O, düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya apararaq əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Onun igidliyinə dövlət tərəfindən yüksək qiymət verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri Valeh Müslümov olmuşdur. Eləcə leriklilərin igid oğlu Valeh ilə bağlı dövlət tərəfindən digər işlər də görülüb. Təhsil aldığı orta məktəb onun adını daşıyır, qarşısında büstü ucaldılıb. Həmçinin şəhərin ən böyük küçəsi də ölməz qəhrəmanın adınadır.
Xalqımız Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşərək Vətən müharibəsində qəhrəmanlıq tarixi yazıb, 30 il əsir düşən cənnət məkan yurd yerlərimiz azad olundu. Vətən müharibəsində dağlar diyarından olan qeyrətli oğullarımız da qazanılan zəfərdə misilsiz rəşadət göstəriblər.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərovun, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənovunun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov çıxışları da qürurlu alındı: “ Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin doğum günləri münasibətilə tədbirlər mütəmadi keçirilir, onların şərəfli döyüş yolu təbliğ olunur. Şəhid Valeh Müslümovun qəhrəmanlığı xalqımızın qəlbində daim yaşayacaq, şərəfli həyatı gələcək nəsillərə həmişə örnək olacaq.”
Şəhid ailələrinə göstərilən ehtirama, diqqət və qayğı görə ölkə rəhbəri cənab İlham Əliyevə , eləcə bütün xalqına razılığını bildirən Milli Qəhrəmanın atası Əlizaid Müslümov həm də dedi ki, oğlumun adını şirin dillərdə eşidəndə qürur duyuram. Vətənə sevgisi Valehi ən ali mərtəbəyə yüksəldib. İndi bütün xalq onun qəhrəmanlığı ilə iftixar edir.
Tədbirdə şəhidin adını daşıdığı şəhər 2 saylı tam orta məktəbin şagirdlərin ifasında Vətəni, qəhrəmanlığı vəsf edən ədəbi bədii kompozisiya nümayiş olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön