Ana Sayfa > Özəl > 7 sentyabr Nihad Əhmədovun doğum günüdür

7 sentyabr Nihad Əhmədovun doğum günüdür


7-09-2023, 09:01. Yazar: sevinc1
7 sentyabr Nihad Əhmədovun doğum günüdür

Zəfər tarixində yeri olan Astaranın qəhrəman oğlu
Nihad Fuad oğlu  Əhmədov  həyatda xoşbəxtliyi  Vətənə layiqli xidmət etməkdə, xalqına gərəkli bir ömür yaşamaqda görürdü. Onun ağılı, qayğıkeşliyi, humanistliyi yaşına görə  çox-çox üstündə dururdu. Doğma yurdunu  ürəkdən sevirdi, torpağın qeyrətini hər şeydən əziz bilirdi. Nihad  həyatı dər edən gündən  arzusu, istəyi  yalnız xeyirxah əməllərə tapınıb yaxşı işlər görmək olur. İnsanlığın zinəti sayılan  bu saf, ülvi dəyərlərə görə  dünyaya göz açdığı  Astara rayonunu Alaşa kəndində  ona  əsl övlad  məhəbbəti göstərirlər. Fəqət, belə insanlar həyatda  az yaşayırlar. Qaldı ki,   özündən çox  xalqı, milləti, cəmiyyəti düşündüyü üçün onların yaşadığı illər paklıq dünyasına bənzəyir. Həmişə də bu paklıqdan  həyata ülviyyət gəlir, ətraf məhəbbətlə bəzənir.  Nihad da 20 illik ömrünü Vətənə verdi.  Qarabağ döyüşləri zamanı göstərdiyi hünəri dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” medala layiq görülən bu dağlar qartalı indi hər dəfə xatırlananda  boylandığı şəhidlik zirvəsindən könüllərə günəş eşqi, günəş odu axır.
Nihadın əsgərlik yaşı gələndə o, artıq Azərbaycan Dövlət Texniki Universitetinin  nəzdində olan   Rabitə və Nəqliyyat Kollecinin Poçt şöbəsində oxuyurdu. Xidmət yeri cəbhə bölgəsi- Tərtər olur. Burada can dediyi can  Azərbaycan naminə  qəlbinin odunu, hərarətini əsirgəmir. Bir-neçə dəfə amansız, hiyləgər düşmənlə üz-üzə gəlir və elə həmin an onların layiqli cəzasını verir. Birinci amalı da torpaq  uğrunda döyüşüb mübarizliklə qalib gəlmək olur.   Cəsurluğu, igidliyi, mərdliyi, vətənpərvərliyi  Nihadı hərbi hissədə hamının  sevimlisinə çevirir.  Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, Vətənə sevgisi,  yağıya nifrəti onu  hərbiyə bağlayır.  Goranboyda “Həmlə” taboruna yazılır. Burada vaxtı   gələndə müqəddəs Qarabağ torpaqları üzərində  haqsız axıdılan qanımızın qisasını alan günə- səngərə, döyüşə hazırlaşır...
Bəli, Vətən müharibəsi başlanan ilk gündən Nihad can qoyur. Odun-alovun içinə atılanda düşmən onunla üz-üzə dura bilmir, itki verə-verə geriyə qaçır. Tərtərdə,  Ağdərənin Talış kəndində, Murovdağın  zirvəsinin, Suqovuşanın  azad olmasında əsl qəhrəmanlıq göstərir. “Qlobus” koordinatı deyilən yüksəklikdə dığalarla üz-üzə gələrək əlbəyaxa döyüşü daha uğurlu alınır. Köksündə qəhrəman ürəyi döyünən Nihad Qarabağ torpaqları qarış-qarış təmizləndikcə  ağır döyüşlərə ürəklə girir. Zəngilanın, Kəlbəcərin “Pişık qaya” deyilən strateji  əhəmiyyət daşıyan yerin alınmasında  xüsusi ad qoyur. Nihad dəstəsi ilə Kəlbəcərin “Qaranlıq” adlı meşədə üç gün mühasirəyə düşürlər.  Amma heç bir çətinlikdən qorxmur, son nəfəsə qədər döyüşüb sözün əsl mənasında yağıları darmadağın edirlər. Həmişə qalib gəlmək  istəyində döyüşən  Vətən sevdalı igid Nihad 10 oktyabrda şirin şanını torpağına bağışlayır.
Oğul itkisi nə qədər  ağır olsa da mən Nihadın anası Elnarə xanmı çox qürurlu gördüm. Dərindən dərk edirdi ki, böyütdüyü igid  Vətən yolunda şəhid olub. Belələri torpağa gömülmür, milyonların könlünə köç edirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az

Geri dön