Ana Sayfa > Manşet / Özəl / Parlament / Təhsil > Bakıda “filial məktəb” tək deyilmiş

Bakıda “filial məktəb” tək deyilmiş


6-09-2023, 10:22. Yazar: sevinc1
Bakıda “filial məktəb” tək deyilmiş

292 nömrəli məktəbə baxanda, 335 nömrəli məktəbin işi toya getməlidir


Bakı məktəblərindəki vəziyyətlə bağlı yazımızda qeyd olunmuşdu ki, 335 nömrəli məktəbin açılışından bəri məktəbin nə direktoru, nə də təlim-tərbiyə işləri üzrə direktor müavini var. 335 nömrəli məktəb 205 nömrəli məktəbin yaxınlığında yerləşir və valideynlər bu məktəbi “205 nömrəli məktəbin filialı” adlandırırlar. Məktəbin bir qrup valideyni də məktəbli forması ilə bağlı yığışıb gəlmişdilər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə. Şikayət edirdilər ki, 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova hər gün yeni bir qərar verir və biz də qalmışıq odla su arasında.



Biz də mətbuat orqanı olaraq mat qalmışıq ki, iki məktəbin bir direktoru necə ola bilər? Yəni BŞTİ müvəqqəti də olsa həmin məktəbə bir direktor təyin edə bilməzmi? Bu da olmasa təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təyinatı ki, BŞTİ-nin səlahiyyətindədir. Yüzlərlə imtahan verənlərdən bir nəfər tapılmadımı ki, o məktəbə təyin edilsin? Əlbəttə ki, belə kadrlar var. Lakin görünür imtahandan keçmək şərt deyildir. Əsas məsələ Mehriban xanımın meyarlarına uyğunluqdur ki, o da bir qədər qəliz məslədir.

Amma sonrakı araşdırmalarımızdan məlum oldu ki, 335 nömrəli məktəb tək deyilmiş. Onunla eyni taleni yaşayan daha bir məktəb varmış. Bu da Buzovna qəsəbəsi, Binə Atçılıq yaşayış massivi, Nicat Orucov küçəsində yerləşən, 2022-2023-cü dərs ilində fəaliyyətə başlayan 292 nömrəli məktəb imiş. Hər iki məktəb eyni taleni yaşasa da fərqli cəhətlər də var. Belə ki, 335 nömrəli məktəblə 205 nömrəli məktəb eyni qəsəbədə – Binəqədi qəsəbəsində yerləşir, aralarında məsafə azdır. Buzovna qəsəbəsi, Atçılıq massivi deyilən ərazidə yerləşən 292 nömrəli məktəbi isə Nizami rayonu, Özbəkistan küçəsi 3 ünvanında (metronun Qara Qarayev stansiyasının yaxınlığında) yerləşən 12 nömrəli məktəbin direktoru Kamran İsalı “idarə edir.” İdarə edir ifadəsini ona görə dırnaqda yazırıq ki, bu iki məktəbin arasındakı məsafə təxminən 15-20 km olar. Bu qədər məsafədən eyni adam 2 məktəbi idarə edə bilirsə, onda 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova nədən 335 nömrəli məktəbi idarə etməsin?



Yeri gəlmişkən, araşdırmalarımız nəticəsində belə bir fakt da müəyyən olundu ki, 335 nömrəli məktəblə bağlı problem hələ 21 oktyabr 2022-ci ildə “Toplum TV” saytında da işıqlandırılıbmış. Binəqədi rayon sakini Zülfüqar Qubadov adıçəkilən saytın qaynar xəttinə zəng edərək bildirib ki, məktəbdə yiyəsizlik hökm sürdüyünə görə övladlarını dərsə buraxmır. Bununla əlaqədar olaraq vətəndaş ETN qarşısında etiraz aksiyası keçirib və ona BŞTİ-yə müraciət etməyi məsləhət görüblər. O vaxtdan bu vaxta qədər BŞTİ fikirləşir. Məktəbə direktor təyin edək, yoxsa yox? İndi belə halda Mehriban Vəliyeva durub hansı keyfiyyətdən, nizam-intizamdan danışır, bu da çox maraqlı sualdır. Səlahiyyəti çatmırsa niyə çatmır? Yox, çatırsa məqsədi nədir?

292 nömrəli məktəblə bağlı bir məqamı da qeyd edək ki, aldığımız məlumata görə, Kamran müəllim gənc və istedadlı kadrdır, işini bilən məktəb direktorlarındandır. Lakin BŞTİ rəhbərliyinin yeni “idarəetmə” üsulundan nəsibini alan bu adam yəqin ki, belə idarəçilikdən özü də bezmiş olar.



Beləliklə, araşdırmalarımız davam etdikcə 164 nömrəli məktəbdə baş verənlərə şükür eləməkdən, həmin məktəbin dirkektoru Kəmalə Qədirovanın müdafiəsində duran əfəndilərə cansağlığı dilməkdən başqa əlimizdən bir şey gəlmir.

Sonda üzümüzü tuturuq yenə də BŞTİ-nin müdiri Mehriban xanım Vəliyevaya. Hörmətli Mehriban xanım, bəlkə siz bu yeni, novator “idarəetmə”nin sirrini açasınız? Az qala bütün dünya təhsil modellərini qarışdırıb bir müəmmalı model yarada bilirsinizsə, dünya niyə sizin təcrübənizdən istifadə eləməsin?

AİA.az-ın Analitik Araşdırma Mərkəzi
Geri dön