Ana Sayfa > Özəl > Tarixi reallıq

Tarixi reallıq


31-08-2023, 11:07. Yazar: sevinc1
Tarixi reallıq

1990-cı il qanlı yanvar hadisələrindən bir neçə ay sonra Bakıya, iki gün sonra isə Naxçıvana qayıdan Heydər Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi və sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Beləliklə də o, hələ Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan verməyərək Naxçıvanda sovet rejiminın sonuna çıxdı və üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoymuş oldu.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi
Nəhayət, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Bu sənəddə 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Müasir müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olması isə mübaliğəsiz bir tarixi reallıqdır. Çünki dövlətimizin formal müstəqillikdən qurtularaq real müstəqillik yoluna qədəm qoyması məhz Heydər Əliyev fenomeni ilə bağlıdır. O dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması ilə hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı qəti addımların atılmasından ibarət idi. Milli Ordumuzun formalaşdırılması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün geniş miqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı. Cəbhə bölgələrindəki yeni vəziyyət, uğurlu Horadiz əməliyyatından sonra təşəbbüsün ələ alınması erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı. Müharibənin dayandırılması, ölkədaxili vəziyyətin nizamlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, regionda qonşu dövlətlərlə yaranmış gərginliyin aradan qaldırılması və münasibətlərin normal məcraya salınması Azərbaycanın müstəqil dövlət kimi yaşaması və sonrakı inkişafını şərtləndirən amillərdən oldu.
Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə məhz onun bənzərsiz fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmiz müasir və sivil yeni nəsil dövlət modelini dünyaya təqdim edir. İndi Azərbaycan beynəlxalq səviyyədə gedən proseslərdə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmiş Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ən nüfuzlu mövqelərdən birinə sahibidir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət Proqramları əhalinin yüksək sosial rifahını, hüquq və azadlıqlarını təmin etmişdir. Müstəqil siyasətin təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən yüksək standartlar əsasında təkmilləşdirilməsi və dövlət quruculuğunun yeni mütərəqqi ideyalar əsasında qurulması prioritet istiqamətlər sırasındadır.
Ən əsası isə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş və Azərbaycan xalqının iqtidarla birliyinin nümayişinə çevrilmiş böyük tarixi Qələbə dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüzü təmin etdi. Şübhə yoxdur ki, yeni reallıqlar ölkəmizin dövlət müstəqilliyin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaratmışdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön