Ana Sayfa > Özəl / Seçki 2024 > Mingəçevir Su-kanal idarəsində kütləvi ixtisarlar?

Mingəçevir Su-kanal idarəsində kütləvi ixtisarlar?


31-08-2023, 09:33. Yazar: sevinc1
Mingəçevir Su-kanal idarəsində kütləvi ixtisarlar?

Bu il mart ayının 30-da Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verildi.
Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad ediləcəyinə dair məlumatlar yayılmağa başladı və bu məlumatların yayılması bu günədək davam edir.
"Azərsu" ASC-nin tabeliyində olan "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir sahəsinin bir qrup işçisi aia.az-a bildirib ki, onlara rəhbərlik tərəfindən ixtisarların olacağına dair xəbərdarlıq olunub. Hətta iddialara görə, bəzi işçilərə hansısa kağızlara imza atdırılıb.
Qeyd edək ki, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu 5 ay müddətində formalaşmalı idi. Həmin müddət dünən (avqustun 30-da – red.) tamam olub. Doğrudur, hələ ki, hər kəs öz işinin başındadır, lakin görünür, Agentliyin Əsasnaməsinin təsdiqindən sonra ixtisarlar qaçılmaz olacaq.
Xatırladaq ki, "Birləşmiş Sukanal" MMC "Azərsu" ASC-nin tabeliyində olan ən iri müəssisədir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq "Azərsu" ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Cəmiyyətin tabeliyində "Birləşmiş Sukanal" MMC yaradılmışdır.
"Birləşmiş Sukanal" MMC Gəncə, Şəki, Mingəçevir, Şirvan, Ağdaş və Göyçay şəhərlərində 155930 əhali, 6047 qeyri-əhali qrupu abonentinə xidmət göstərir. 
Təəssüf ki, məsələyə Mingəçevir Su-kanal idarəsindən mövqe öyrənmək cəhdlərimiz uğursuzluqla nəticələndi. Məlumatı verən işçilərin sözlərindən bu qənaətə gəlmək mümkündür ki, Agentliyin yaradılmasıyla bağlı məlum Fərmandan sonra "Azərsu"da aparılacaq struktur dəyişiklikləri xeyli əməkdaşın işsiz qalması ilə nəticələnəcək.
Mövzunu diqqətdə saxlayacağıq.

Azər Tağızadə
Geri dön