Ana Sayfa > Özəl > 31 avqust Saleh Səfərovun doğum günüdür

31 avqust Saleh Səfərovun doğum günüdür


31-08-2023, 09:31. Yazar: sevinc1
31 avqust Saleh Səfərovun doğum günüdür

Qəhrəmanlıq dastanı

Saleh İrzaxan oğlu Səfərovun dünyaya gəlib getməsi 37 il çəkdi. Amma olduqca şərəfli bir həyat yolu keçdi. Dağlar diyarı Yardımlı rayonunda təvəllüd tapan Saleh özünü biləndən sevdalandığı ali məqsəd yalnız xalqının, Vətənin xoşbəxtliyi naminə çalışmaq olur. Elə 44 günlük Qarabağ müharibəsində gənc ömrünə yazılan şəhidlik də bu ilahi istəkdən yarandı. Vətəni öz qanı bahasına yaşadı ki, xalqının gələcəyi azad, parlaq olsun. Fəqət, bu Vətən sevdalısı dünyanı sevməyi , gözəl həyat naminə təmiz, ulu duyğularla yaşamağı bacarırdı. Qaldı ki, qarı düşmən onun qurub-yaratmaq həvəsini yarımçıq qoyur...
Azərbaycanın əzəli torpaqları olan Qarabağın erməni dığaları tərəfindən işğalı yeniyetmə Salehı çox düşündürür. 2012-ci ildə həqiqi hərbi xidmətini ön cəbhədə keçirən Saleh bir daha erməni faşistlərin vəhşi əməllərinin şahidi olur. Nəyin bahasına olursa-olsun mənfur düşməndən qisas almaqla yaşayır. O, əsgəri borcunu vicdanla yerinə yetirir, Vətənin hər qarışını canından əziz bilməklə onu göz-bəbəyi kimi qoruyur. Xidməti dövründə bir qayda olaraq doğma Azərbaycana sədaqəti ilə tanınır, hörmət qazanır. Əsgər yoldaşları, komandirləri Salehin hər yaxşı əməlindən qürur duyurlar.
Salehin əsgərlik həyatı üzüağ başa çatır. Qaldı ki, torpaqlarında müharibə getdiyi bir vaxt ön cəbhədən kənar dura bilmir. Vətən, millət təəssübü çəkən igid düşməndən işğal etdiyi torpaqların qisasına almaq üçün öz yerini hərbidə görür. Tank komandiri vəzifəsində çalışmaqla həmin günə hazırlaşır. Hansı əməliyyatda olursa, igidliyinə görə seçilir. Çox keçmir ki, əsl Vətən müdafiəçisi kimi yetişir. Cəsur tankçı Aprel döyüşlərində misilsiz qəhrəmanlıq örnəyi göstərir. Lələ təpənin alınmasında yağının anasını ağlar qoyur. Artıq tam bacarığına güvənən Saleh Vətən müharibəsinin ilk günündə qələbə üçün döyüşlərə atılır. Əks-hücumda ölümə meydan oxuyan Saleh Piyada Döyüş Maşınında düşmənin (PDM) müdafiə xəttini birinci dağıdır. Düşmənin üstünə tankla şığıyan qəhrəmanımız minalanmış sahələri yara-yara irəliyə gedir. Füzulini, Cəbrayılı düşməndən təmizləməkdə sözün əsl mənasında tarix yazır. Düşmən neçə-neçə ağır döyüşlərdə ad qoyan qəhrəmanın tankını vura bilir. Vətən sevdalısı Cəbrayıl torpağında ölməzliyə qovuşur.
İndi Azərbaycan xalqı üçün müqəddəs bir ad vardır: Saleh Səfərov. O, öz Vətəni, xalqı üçün yaşadı. Belə bir şərəfli həyat hər kəsə nəsib olmur.
Saleh Səfərov doğulduğu Yardımlı rayonunun Ünəç kəndində torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları əsasında “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Füzulinin azad olmasına görə medallara layiq görülübdür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az

Geri dön