Ana Sayfa > Özəl > 1991-ci il avqustun 30-da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə doğru ilk addımı
1991-ci il avqustun 30-da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə doğru ilk addımı30-08-2023, 13:44. Yazar: sevinc1 |
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi İnsanlar kimi xalqların, millətlərin də tarixinə yazılmış tale qisməti olur. Təsadüfi deyil ki, qismətinə məhz tarixi dövrlərin kəsişməsində yaşamaq düşmüş müdrik insanlar öz arxasınca apardıqları xalqı üçün məsuliyyət daşıyırlar. Zaman, siyasi rejimlər, iqtisadi formasiyalar əvəzlənsə də, liderlərin daşımağa məcbur olduqları xalqının tale yükünün ağırlığı dəyişilməz qalır. Həmin liderlər görünən və görünməyən ideoloji savaşlar müstəvisində öz sözünü deyir, idrakının gücünə və xalqına arxalanırlar. Müdrikliyin şərtlərindən zəkası ilə istifadə edənlər dahiliyi intellektual keyfiyyətləri ilə tamamlayanlar Tanrının onlara verdiyi «sərvətlərdən» zamanında istifadə etmək bacarığına da malikdirlər. Roma imperatoru və filosofu M.A.Avreliynin dediyi kimi, insanlar biri-biri üçün yaranır. Xoşbəxt o insandır ki, varlığı ilə milyonların qəlbində yer tapır, sevilir, daim xatırlanır, əməlləri ilə yaşayır. Ümummilli lider Heydər Əliyev kimi. Sovetlər dönəmində ən geridə qalmış respublikalardan olan Azərbaycanı arzuladığı qüdrətli dövlətə çevirmək üçün addım-addım irəliləyən bacarıqlı dövlət xadimi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz Keçici Qırmızı bayraqlar diyarına çevrildi. Təşkilatçılığı və təşəbbüskarlığı nəzərə alınaraq Kremldə yüksək vəzifəyə layiq görülən, Moskvada çalışdığı müddətdə yaranan ən kiçik imkandan belə Azərbaycanın qüdrətlənməsi naminə istifadə edən, yuxarıdan verilən tapşırıqların fərqinə varmadan, sözsüz əməl edildiyi bir zamanlarda belə xalqını düşünən ulu öndər Heydər Əliyev «hamının bir arşınla ölçülməsi» prinsipi ilə razılaşmırdı. Ulu Öndərin iş prinsipinə bir amal hakim idi: Heç bir xalqın həyat tərzini, standartlarını, davranış qaydalarını, adət-ənənələrini başqalarına zorla tətbiq etmək olmaz. Bu məcburiyyət demokratiya pərdəsi altında olsa belə yolverilməzdir. Siyasi savadı, dövlətçilik təcrübəsi, şəxsi nüfuzu ilə təkcə azərbaycanlıların deyil, Kremldə çalışan sağlam düşüncəli insanların hörmətini qazanan müdrik şəxsiyyət Heydər Əliyevə həsəd apardığını hər məqamda bildirən və ermənipərəst mövqeyini İttifaq iqtisadiyyatının ən ağır sahələri olan tikinti, nəqliyyat, kimya sənayesinə başçılıq edən Ulu Öndəri vəzifəsindən azad etməklə rahatlıq tapan SSRİ-in ilk və sonuncu prezidenti M.S. Qorbaçov kimi Azərbaycandakı «kommunist ideologiyası» xəstəliyinə tutulmuş rəhbərlik də eyni, səviyyəsiz düşüncə tərzinə malik idilər. Buna görə də fərdi pensiyaçı Heydər Əliyevin Bakıya qayıdışını özlərinin sonu kimi dəyərləndirən Azərbaycanın müti rəhbərliyi bu dönüşün qarşısını almaq üçün təxribatlar törətdilər. 1982-ci ilin noyabrında Moskvaya işləməyə gedərkən özündən sonrakı rəhbərliyə çiçəklənən respublika tapşıran, ədalətsizliyə məruz qaldığı zaman Vətəninə qayıdan fərdi pensiyaçı Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı siyasi və iqtisadi kataklizmlər məngənəsində gördü və çox narahat oldu. Təbii ki, respublikanı bu günə salanlar və Kremlin qolu bağlı, həqiqəti etiraf etmək iqtidarında olmayan nökərləri Ulu Öndərin Azərbaycana qayıdışını qəbul etmədilər. Ona görə də xalqının qəlbində əbədi hörmət və ehtiram qazanan, respublikada siyasi gərginliyin yaranmasını istəməyən fərdi pensiyaçı Heydər Əliyev doğulduğu Naxçıvana getməyə məcbur oldu. 22 iyul 1990-cı il tarixə Azərbaycan xalqının nicat günü, Ulu Öndərin isə xilaskarlıq missiyasının başlanğıcı kimi daxil oldu. Həmin gün Naxçıvana qayıdan Ulu Öndəri böyük coşqu və məhəbbətlə qarşılayan həmyerliləri bu dönüşü sönən, öləziyən ümidlərinin canlanması hesab edərək sevinirdilər. Naxçıvanın mərkəzi meydanına toplaşan, xilaskarları Heydər Əliyevin müstəqilliyə aparan yola çağırış olan sözlərinə diqqətlə qulaq asanlar inanırdılar ki, Azərbaycan xalqının taleyi əmin əllərdədir. Bir el ağsaqqalı kimi ziyarətinə gələn həmyerlilərinin söhbətlərini dinləyən, problemləri ilə maraqlanan Ulu Öndər bir həqiqəti ilk günlərdən dərk etdi: Vəziyyət təsəvvür olunandan da artıq çətin, ağır, dözülməz idi. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikanın əhalisi Bakıda kreslo hərisi olan, muxtar respublikanı Azərbaycanın kor bağırsağı adlandıran rəhbərlər tərəfindən də diqqətdən kənarda qalmışdı. … 3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. O günlərdə yaşadığı həyəcanını sonradan Rusiyanın jurnalistləri ilə görüşündə xatırlayan Ulu Öndər sonralar həmin sessiya haqqında belə deyirdi: « Sədr seçmək məsələsi gündəlikdə dururdu… Sessiya iki və üç gün davam etdi. Bir nəticəyə gələ bilmədilər. Evə gəlib məni oraya dəvət etdilər. Üç-dörd dəfə boyun qaçırdım. Özümün razılığı olmadan məni Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçdilər» söyləyən Ulu Öndərin bu qərarı Azərbaycanın taleyinin dönüş nöqtəsi oldu. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini « Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki , indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.» «Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı» söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi. Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini müstəqilliyə gedən yolun başlanğıcı adlandırır: « Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı.» Ulu Öndərin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli bir dövrü əhatə edir. Uzaqgörən siyasətçinin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasınv ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |