Ana Sayfa > Gündəm / Özəl > Laçın sürətlə dirçəlir
Laçın sürətlə dirçəlir28-08-2023, 21:12. Yazar: sevinc1 |
Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi müntəzəm səfərlər həmin bölgələrdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərinin birbaşa dövlət başçısının ciddi nəzarəti altında həyata keçirildiyindən xəbər verir. Eyni zamanda da bu səfərlər artıq “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində öz dədə-baba yurdlarında məskunlaşan keçmiş məcburi köçkün vətəndaşlarını ruhlandırır. O cümlədən möhtərəm dövlət başçımızın 25-26 avqust tarixlərində Laçına səfəri və avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirakı da həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edən hadisədir. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Lakin Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri hələ bir müddət Azərbaycanın nəzarətimizdə deyildi. Səbəb də bu idi ki, keçmiş Laçın dəhlizi bu ərazilərdən keçirdi. Buna görə də Azərbaycan qısa müddət ərzində yeni yol inşa etdi və öz torpaqlarına qayıtdı. Laçında bayram tədbirində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan 44 gün ərzində ədalətli müharibə apardı. Rəsmi İrəvanın hərbi cinayətlərinə, işğal olunmuş torpaqlarda 30 il ərzində törətdiyi bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan öz qisasını yalnız döyüş meydanında aldı. Bu gün azad edilmiş ərazilərə gələn hər kəs öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün bu qanunsuzluqlara son qoydu, tarixi ədaləti bərpa etdi. Müharibədən sonra keçən 3 ilə yaxın müddət ərzində ölkəmizə qarşı aparılan kampaniyalar, çirkin təbliğat bunu göstərir ki, Azərbaycanın tarixi Qələbəsini nə ermənilər, nə də onların havadarları hələ də həzm edə bilmirlər. Lakin bütün bunlar möhtərəm cənab Prezidentimizin və Azərbaycan xalqının iradəsinə heç bir təsir edə bilməz. Dövlət başçımızın dediyi kimi, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulması da dövlətimizin, xalqımızın iradə və cəsarətinin bir təcəssümü oldu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası olmaqla müstəsna tarixi əhəmiyyət kəsb edir. Lakin Azərbaycan öz iradəsini təkcə döyüş meydanında deyil, həm də quruculuq işlərində nümayiş etdirir. O cümlədən Laçın şəhərinin cəmi 8 ay ərzində yenidən qurulması xalqımızın həm istedadını, həm də iradəsini bütün dünyaya göstərir və bir daha sübut edir ki, bu torpaqların sahibləri məhz bizim xalqdır. Laçınlılar mayın 28-dən etibarən artıq öz doğma şəhərlərinə qayıdıblar. Bu gün 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər daha 900 ailə üçün evlər hazır olacaq. Xatırladaq ki, hələ 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Həmçinin Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenilənir. Dövlət başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. Yeni yolun üzərində ümumi uzunluğu 13,3 kilometr olan 17 tunelin və ümumi uzunluğu 4163 metr olan 23 körpünün inşası nəzərdə tutulur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, təməli 2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşən bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək və ümumilikdə bütün bölgənin beynəlxalq statusunun yüksəlməsinə böyük töhfə verəcək. Natiq Quluzadə, YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |