Ana Sayfa > Özəl > Çətin və şərəfli peşənin daşıyıcısı
Çətin və şərəfli peşənin daşıyıcısı28-08-2023, 13:53. Yazar: sevinc1 |
“Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Heydər Əliyev Ümummilli Lider Heydər Əliyevin illər öncə Azərbaycan polisinin ünvanına söylədiyi bu sözlər bu çətin peşə sahiblərinin nə qədər şərəfli, məsuliyyətli bir yükün daşıyıcıları olduqlarını göstərir. Müstəqlillik illərində Azərbaycan polisi xalqa xidmətin, dövlətə sədaqətin şanlı səhifələrini öz qüsursuz fəaliyyəti, yeri gəldikdə qanı-canı bahasına yazıb. Dövlətimizə qarşı uzanan xain əllərin məkrli planları pozulanda da, çevriliş cəhdlərinin qarşısını alanda da, ölkəni xaosa, uçuruma yuvarlatmaq istəyənləri məhv edəndə də, 3 il öncə dünyanı cənginə alan gözəgörünməz düşmən – COVİD-19-a qarşı mübarizədə də, 44 günlük Vətən müharibəsində də Azərbaycan polisi ön sıralarda olub. 2020-ci ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü siyasi-diplomatik məharəti Azərbaycanımızı XXI əsrin qalib xalqı etdi. Düşmənin belini qıran "Dəmir yumruğ"un endirilməsində Azərbaycan polisinin rəşadəti, misilsiz qəhrəmanlığı danılmazdır. Bu gün də işğaldan azad olunan yurd yerlərimizdə xidmət aparan polislərimiz hər cür alqışa layiqdir. Ələlxüsus son illərdə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən sistemdə aparılan inqilabi islahatlardan sonra Azərbaycan polisi qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Bu da səbəbsiz deyil. Çünki V.Eyvazovun özünün bütün həyatı xalqa, dövlətə və liderə şərəfli sədaqət simvoludur. O, ən çətin məqamlarda belə dövlətiə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları ölkəmizdə sabitliyin, insan və vətəndaş azadlıqlarının təmin olunmasında daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. 2021-ci ilin oktyabrında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Əliyev Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat aldı. Bunadək ölkənin sərhəd rayonunda, Qazax rayon Polis Şöbəsinin rəisi kimi qüsursuz fəaliyyət göstərmiş, cinayətkarlığa qarşı amansız mübarizənin təmin olunmasında çox böyük işlər görmüş Ə.Əliyev üçün təbii ki, bu təyinat növbəti məsuliyyət demək idi. Onun başçılığı altında 2 ilə yaxın bir müddətdə Mingəçevir şəhərində sabitliyin qorunması, kriminogen vəziyyəti tam nəzarət altında saxlamaq bacarığı cənab nazirin kadr seçimi və təyinatında heç də yanılmadığını göstərir. Qeyd edək ki, Ədalət Əliyev uzun illərdir daxili işlər orqanlarında şərəflə xidmət edən, xalqa və dövlətə sədaqətini öz fəaliyyəti ilə sübut edən polis zabitlərindəndir. Polis sistemində fəaliyyət göstərdiyi müddətdə qanunların aliliyinin təmin olunması, cinayətkarlığa qarşı amansız mübarizə onun üçün prioritet vəzifə hesab edilib. Hansı vəzifəni tutmağından asılı olmayaraq fəaliyyətinin əsas meyarı xalqa və dövlətə sədaqət olub. Bu gün polis polkovniki Ədalət Əliyevin rəhbərliyi altında Mingəçevir polisi qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir Ə.Əliyev Mingəçevir ŞPŞ-nin rəisi təyin olunduqdan sonra şəhərdə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olanların məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin əvvəlki dövrlərdən fərqli olaraq daha effektiv təşkil olunması xüsusi vurğulanmalıdır. Bu gün Mingəçevir polisi narkomaniyaya qarşı yalnız inzibati yolla deyil, eyni zamanda maarifçilik üsulu ilə də mübarizə aparır. Ə.Əliyevin rəhbərliyi ilə Mingəçevir polisi mütəmadi olaraq ən müxtəlif auditoriyalarda, ali və orta məktəblərdə, müəssisələrdə narkomaniyaya qarşı maarifçilik tədbirləri həyata keçirir, yeniyetmələri, gəncləri bu yolla "ağ ölüm”lə mübarizəyə təşviq edir. Ə.Əliyev hesab edir ki, narkotikə qarşı yalnız inzibati yolla aparılan mübarizə gözlənilən effekti verə bilməz, odur ki, maarifçilik işi zəruridir. Cəmiyyətdə hər kəs “ağ ölüm”lə mübarizə tədbirlərinə qoşulmalı və bu işlərə təkan verməlidir. Polis rəisinin fikrincə, yeniyetmələr, tələbələr arasında keçirilən bu cür tədbirlər gec-tez öz effektini verəcək. Yer gəlmişkən, son 2-3 ildə Mingəçevirdə cinayət hadisələrinin, xüsusilə ağır cinayətlərin azalması müsbət hal kimi qiymətləndirilməlidir. Qeydə alınmış cinayət faktlarının əvvəlki ilin uyğun dövrü ilə müqayisədə azalma göstəricisi və açılma faizi ciddi və məqsədyönlü fəaliyyətin nəticəsi kimi xarakterizə olunmalıdır. Mingəçevir ŞPŞ-nın əməkdaşları mütəmadi olaraq Vətən torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların, eləcə də bu döyüşlərdə sağlamlıqlarını itirən igidlərimizin ailələrinə baş çəkir, onların qayğıları ilə maraqlanırlar. Bu ənənənin əsasını da Ə.Əliyev qoyub. Belə görüşlərdə şanlı qələbəmizin tariximizin parlaq səhifələrindən biri olduğu, hər bir soydaşımızın vətən torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırılır. Bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımızın daim minnətdarlıqla yad etdiyi bildirilir. Ə.Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq görüşlərdə şəhid ailələrinin doğmalarını, ailə üzvlərini narahat edən məsələlər dinlənilir, onları maraqlandıran suallara aydınlıq gətirilir. Bu gün inkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Buna baxmayaraq, daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır. Vaxtilə mərhum prezidentimiz Heydər Əliyevin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində, Azərbaycan ictimai təhlükəsizliyin etibarlı qorunduğu və kriminal durumun nəzarət altında olduğu ölkələri sırasına daxil oldu. Hazırda ölkəmizdə MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, Azərbaycan bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Əgər ölkədə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirilir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır. Kənardan baxana hər şey asan və rahat görünə bilər. Lakin hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. Yuxusuz gecələri, istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edən polis xalqa və qanuna məsuliyyətlə xidmət edir. Ümumiyyətlə, polisin işində istirahət anlayışı yoxdur. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalı, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı yanaşmağı bacarmalıdır. Haqqında bəhs etdiyimiz Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev kimi. Asayişimizin keşiyində dayanan, qanunların aliliyini qoruyan Ədalət müəllim öz xidmətinə məhz bu cür yanaşır, nəticələr isə göz qabağındadır. İnanırıq ki, onun rəhbərliyi altında Mingəçevir polisinin şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir. Azər Tağızadə Geri dön |