Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Heç bir təhdid, heç bir xarici qüvvə Azərbaycan Prezidentinin iradəsinə üstün gələ bilməz”

Novruzəli Aslanov: “Heç bir təhdid, heç bir xarici qüvvə Azərbaycan Prezidentinin iradəsinə üstün gələ bilməz”


28-08-2023, 10:04. Yazar: sevinc1
Novruzəli Aslanov: “Heç bir təhdid, heç bir xarici qüvvə Azərbaycan Prezidentinin iradəsinə üstün gələ bilməz”

“Azərbaycanın Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məqsədlə atılan mühüm addınlardan biri də sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunmasıdır. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Məlum olduğu kimi, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Belə ki, 2020-ci ilin noyabr ayının 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Bu sözləri Prezident İlham Əliyevin avqustun 25-26-sı tarixlərində Laçın rayonuna səfəri ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası müstəsna əhəmiyyət kəsb edən bir layihə olmaqla, ümumilikdə bölgənin beynəlxalq statusunu artıracaqdır: “Bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi möhtəşəm bərpa və yenidənqurma işlərini bütün dünya heyranlıqla izləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində etdiyi çıxışında dediyi kimi, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımız işğaldan azad edilmiş Laçın rayonuna altı dəfə səfər etmişdir. Həmçinin 2021-ci ilin 16 avqust tarixində etdiyi səfər çərçivəsində cənab Prezident Laçın Beynəlxalq Hava Limanının təməlini qoymuşdur. Hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Diqqətəlayiq haldır ki, Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən bu strateji obyekt postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləş bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da böyük töhfələr verəcək. Beləliklə, Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin beynəlxalq statusunun yüksəlməsinə xidmət edəcək.”

Daha sonra N.Aslanov Azərbaycan-Ermənistan sərhəddində “Laçın” Sərhəd Buraxılış Məntəqəsinin qurulmasının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyevin öz çıxışında Ermənistanla sərhəddə buraxılış məntəqəsinin qurulması məsələsinə xüsusi toxunması bir daha bu hadisənin böyük siyasi önəm kəsb etdiyini sübut edir. Öz sərhədlərinə nəzarəti həyata keçirmək Azərbaycanın legitim hüququdur. Əlbəttə ki, humanizm prinsiplərindən irəli gələrək Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla əlaqəsini təmin etmək üçün Laçın-Xənkdi yolundan istifadəyə razılıq verməsi heç də ölkəmizin buna məcbur olması anlamına gəlmir. Lakin ermənilər Azərbaycanın bu jestini düzgün qiymətləndirə bilmədilər. Ermənistan və onların havadarları onlara verilən şansdan təxribatlar törətmək, vəziyyəti gərginləşdirmək və revanşist niyyətlərini həyata keçirmək üçün yararlanmağa çalışır, humanitar məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş dəhlizdən hələ də Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş erməni hərbi birləşmələrinin rotasiyası, habelə silah, sursat, mina və xarici terrorçuların daşınması üçün istifadə edirdilər. Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdi. Bununla bağlı Azərbaycana, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevə qarşı uzun müddət çoxsaylı təzyiqlər, hədə-qorxular oldu. Hətta bu günün özündə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Lakin heç bir təhdid Azərbaycan Prezidentinin iradəsinə üstün gələ bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin ərazi bütövlüyümüzün tam bərpası deməkdir və Azərbaycan bunu beynəlxalq hüquq çərçivəsində etdi. Dövlətimiz öz ərazilərini və sərhədlərini qoruyur və bundan sonra da qoruyacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.


Geri dön