Ana Sayfa > Özəl > 28 avqust Mail Əzizovun doğum günüdür
28 avqust Mail Əzizovun doğum günüdür28-08-2023, 09:00. Yazar: sevinc1 |
Anda sədaqət nümunəsi İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli oğul kimi, Mail Əzizovun şəhidliyi Vətənə, torpağa sevgisindən yarandı. Ömrünün 20-ci ilində canını qurban etdi ki, əzəli yurd yerimiz Qarabağ torpaqları düşmən tapdağında qalmasın, xalqı azad, firavan yaşasın. Qəhrəman Maillər düşməni müharibə meydanında məğlub etməklə, eləcə millətin mənliyini, kimliyini qaytardılar. Mailin də son damla qanına qədər düşmənlə vuruşmağı bundan irəli gəlirdi. Vətən yolunda şəhid olmağı hər şeydən əziz tutdu. 2000-ci ilin avqustunda Lənkəran rayonunun Şağlakücə kəndində dünyaya göz açan Mail Mahir oğlu Vətənə məhəbbət, düşmənə nifrət ruhunda boy atıb 18 yaşına çatır. Qarabağda baş verən qanlı hadisələr Maili çox narahat edir. Odur ki, orta məktəbi əla qiymətlərlə başa vursa da, hər şeyi bir yana qoyub Vətənin qisasını almaq niyyəti ilə əsgərliyə yola düşəndə evdə deyir:-Dığalar əzəli Azərbaycanımıza məxsus müqəddəs yerləri zəbt ediblər. İndiki vaxtda Vətənə sipər, düşmənə yerini göstərən qeyrətli igidlərə ehtiyac vardır. Yağıya qalib gələndən sonra oxuyub ali təhsil alacağam... Mail Əzizov cəbhə bölgəsində əlinə silah alıb Vətəninə keşik çəkir. Bu yolda canından keçməyə hazır olan igid əsgər bir neçə dəfə dığalarla üz-üzə gəlir, onların payını layiqincə verə bilir. Həm də Mail döyüş keyfiyyətlərini artırmaq üçün təlimlərdən qalmır, Vətən torpaqlarının azadlığı naminə hərbin sirlərinə mükəmməl yiyələnir. Nizam-intizamı, cəsurluğu, tapşırıqları yerinə yetirdiyi vaxt çevikliyi ona ehtiram qazandırır. Bir sözlə, layiqli bir övlad olaraq Vətənə borcunu şərəflə verməyi bacarır. Və onun qisasını düşməndən döyüş meydanında alacağına and içir. Sentyabrın 27- də İkinci Qarabağ müharibəsi başlayanda Mail Əzizov ön cəbhədə vuruşur. Şücaət göstərməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxır. Odlu-alovlu səngərlərdə erməni dığalarına qan qusdurur. Mail kimi oğlanların qəhrəmanlığı sayəsində kəndlərimiz, rayonlarımız bir-bir azad olunur. Oktyabrın 2-də Şuşa şəhəri istiqamətində daha ağır müharibə gedir. Düşmən məğlub olsa da, qəfil atılan artilleriya nəticəsində igid əsgər şəhid olur. Ləyaqətli, örnək sayılan əbədi bir ömür qazanan Mail Əzizov ölümdən sonra Vətən uğrunda, “İgidliyə görə” və başqa medallara layiq görülür. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |