Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın möhtəşəm siyasi qələbəsidir”
Novruzəli Aslanov: “Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın möhtəşəm siyasi qələbəsidir”27-08-2023, 09:14. Yazar: sevinc1 |
“İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan düşmən üzərində əvvəlcə hərb meydanında və bunun ardınca siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazanaraq özünün ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü ilk növbədə həmin dövlətin sərhədlərinin toxunulmazlığı ilə təmin edilir. O cümlədən öz sərhədlərinə tam nəzarəti həyata keçirmək Azərbaycanın da legitim hüququdur. Bununla belə, dövlətimiz Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla əlaqəsinin Laçın-Xənkdi yolu ilə fasiləsiz təmin olunmasına razılıq vermiş və bununla bir daha ölkəmizdə humanizm prinsiplərinin yüksək dəyərləndirildiyini bütün dünyaya nümayiş etdirmişdir. Lakin bunun müqabilində ermənilər hər zaman olduğu kimi, yenə də onlara verilən şansdan təxribatlar törətmək, vəziyyəti gərginləşdirmək və nə qədər absurd səslənsə belə, hansısa revanşist niyyətlərini həyata keçirmək məqsədilə platforma yaratmaq üçün yararlanmağa çalışırlar. Humanitar məqsədlərlə onlara təqdim olunmuş dəhlizdən bu nankorlar hələ də Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, habelə silah, sursat, mina və xarici terrorçuların daşınması üçün istifadə edirdilər. Təbii ki, Azərbaycan dövləti buna göz yuma bilməz. Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi.” Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında deyib. Deputat öz fikirlərini davam etdirərək bildirib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı öz məqsədləri üçün “səfərbər” etmək cəhdləri bu dəfə də uğursuzluqla nəticələnib: “Gözlənildiyi kimi, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan və onu himayə edən qüvvələr, beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaqla ölkəmizə qarşı hansısa təsir vasitələri əldə etmək üçün dərhal böhtan və iftiralarla dolu ittihamlar irəli sürməyə başladılar. Bir neçə ay davam edən kampaniyanın gedişində Azərbaycan guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirildi. Bu yolla rəsmi İrəvan Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, həmçinin uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışır. Lakin bütün bu cəhdlər əlbəttə ki, heç bir nəticə verə bilməz. Laçın rayonu ölkəmizin daxili ərazisidir və burada həyata keçirilən bütün tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Azərbaycanın daxili işlərinə hər hansı xarici qüvvənin müdaxilə etməsinə isə heç bir halda yol verilməyəcək. Bu məqam Ölkə Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığının gedişində də öz əksini tapmışdır. Möhtərəm dövlət başçımız ölkəmizin prinsipial və ədalətli mövqeyini nümayiş etdirərək belə demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Bununla da Ermənistanın ölkəmizə qarşı növbəti siyasi təxribatının qarşısı qətiyyətlə alınmışdır.” Daha sonra N.Aslanov beynəlxalq təşkilatların bu məsələdə məhz Azərbaycanın haqlı olduğunu təsdiqlədiklərini vurğulayaraq bunları deyib: “Sözsüz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra Azərbaycanın əldə etdiyi ən mühüm hərbi-siyasi qələbələrdən biri və İkinci Qarabağ savaşından sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir. Bu məntəqənin açılması ilə regionun geosiyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan bu dəfə də öz addımını beynəlxalq hüquqa uyğun olaraq atdı. Təsadüfi deyil ki, Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı rədd edildi və məntəqənin qanunsuz olması ilə bağlı bütün iddialar qəti şəkildə təkzib olundu. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında bu yaxınlarda keçirilmiş müzakirələrdə də Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyi qeyd olunmuş və bununla da Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyi təsdiqlənmişdi”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |