Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin banisidir”

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin banisidir”


24-08-2023, 12:50. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin banisidir”

“Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyüməkdə olan gənc nəslin milli-vətənpərvər ruhda, həm fiziki, həm də mənəvi cəhətdən sağlam formalaşmalarını daim diqqət mərkəzində saxlayıb, gənc nəslə qayğını hər zaman önə çəkib. 1993-cü il sentyabrın 22-də Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə keçirdiyi görüşdə etdiyi çıxışında Ümummilli Lider demişdir: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.” Ulu Öndər hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin tükənməz enerjisinə və potensialına böyük ehtiyac olduğunu hər kəsdən yaxşı bilirdi. Buna görə də Ümummilli Lider Heydər Əliyev bu potensialın məqsədyönlü şəkildə, ümumxalq mənafeyinə uyğun istiqamətdə reallaşdırılması üçün müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə vacib sənədlər imzalayıb. Həmçinin Ulu Öndər gənc nəslin formalaşmasında təhsilin aparıcı rolunu hər zaman xüsusi qeyd edirdi. 1994-cü ilin avqust ayının 31-də Bakı şəhərinin təhsil işçiləri ilə keçirdiyi görüşündə Ümummilli Lider bu tarixi söləri demişdir: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.” Ulu Öndərin təhsil məsələlərinə həssas yanaşması həmçinin sovetlər dönəmində də özünü aşkar şəkildə nümayiş etdirirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı. Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını vurğulayıb: “Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda söylədiyi nitqində Ulu Öndər demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.” Azərbaycan gəncliyinin qarşısına qoyulmuş bu ali vəzifənin effektiv şəkildə yerinə yetirilməsi üçün gənclərin təşkilatlanması vacib şərtlərdən biri idi. Buna görə də Ulu Öndər ilk növbədə 1996-cı il 22 iyun tarixində imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis etdi. Bu istiqamətdə atılmış növbəti mühüm addım 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmanla 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi oldu. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. 1999-cu il iyulun 29-da Ulu Öndər imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.”

Həmçinin A.Naxçıvanlı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə və onların vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşmələrinə güclü zəmin yaratdığını vurğulayıb: “Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsini azərbaycançılıq ideologiyasının mühüm istiqaməti kimi müəyyən etmiş Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. Bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2003-cü ildən sonra keçən dövr ərzində dövlət səviyyəsində bir sıra mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. 2020-ci ildə Şanlı Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Geri dön