Ana Sayfa > Özəl > 25 avqust İbrahim Lələyevin doğum günüdür

25 avqust İbrahim Lələyevin doğum günüdür


24-08-2023, 10:26. Yazar: sevinc1
25 avqust İbrahim Lələyevin doğum günüdür

Tarix yazan Vətən sevdalısı
44 gün davam edən İkinci Qarabağ müharibəsində adları tarixə yazılan igidlər sırasında İbrahim Lələyev də vardır. Vətən, xalq yolunda şirin canını fəda etməklə şərəfli ölümü ona əbədilik qazandıran bu, şəhidimiz 1996-cı il avqustun 25-də Masallı rayonu, Hişkədərə kəndində dünyaya göz açıb. Doğma Azərbaycanına olan ilahi sevgisi onu milyonların qürur yerinə, iftixar mənbəyinə çevirib. İndi özü həyatda olmasa da, örnək ömrü xalqına əbədiyyət üfüqündə doğan Günəş kimidir.

Vətən sevgisi qəlbinə hakim kəsilən İbrahim Həzrətqulu oğlu Lələyev orta məktəbi bitirib 2015-ci ildə ordu sıralarına yola düşür. Ən böyük arzusu da Vətənini göz-bəbəyi kimi qorumaq, məqamı gələndə əsir düşən Qarabağın azadlığı naminə əlinə silah alıb döyüş meydanında erməni daşnakları əzmək olur. Xidmət boyunca bütün təlimlərdə fərqlənir, cəsur, vətənpərvər oğul olaraq əsgərlərin, komandirlərin dərin hörmətini qazanır.

İgid əsgər İbrahim Lələyev 2016-ci ilin Aprel döyüşlərində cəbhənin ən qaynar nöqtələrində düşmənə, sözün əsl mənasında qan uddurur. Yağını məğlub edib Lələ təpədə Azərbaycanın qələbə bayrağını ucaldan qeyrətli oğlanlardan biri də İbrahim olur. Bu, möhtəşəm zəfərdən sonra gözəl Qarabağın tezliklə azadlığına ürəkdən inanır. Və necə olursa-olsun doğma Vətən torpaqların bir qarışı erməni dığaların tapdağına çevrilməməsindən ötrü bütün qüvvəsini, hətta canını qurban verməyə hazır durur.

Nəhayət, Vətən sevdalısı İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşımızda istəyinə çatır. Belə ki, o, könüllü olaraq şüurlu surətdə 30 ilə yaxın Ermənistan işğalı altında olan bizə məxsus ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün müharibə meydanına girir. “ Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” deyib düşmənlə son damla qanınadək döyüşməyinə and içir.

Vətəni canından əziz tutmaqla neçə-neçə döyüşdən zəfərlə çıxır. Füzulinin azadlığı uğrunda ölüm-dirim savaşında misilsiz şücaət göstərir. 2020-ci il oktyabrın 11-də canını fəda etməklə ölməzliyə qovuşur. İbrahim Lələyev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır.

Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan Vətən müharibəsinin qalib şəhidi milyonların ürəyinə köçməklə bərabər, həm də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallara layiq görülür.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Geri dön