Ana Sayfa > Özəl > Vətən sərhəddən başlayır

Vətən sərhəddən başlayır


18-08-2023, 12:30. Yazar: sevinc1
Vətən sərhəddən başlayır

Bu il, avqustun 18-də Azərbaycanın Sərhəd Mühafizəsinin yaradılmasının 104-cü ildönümü tamam olur. Ötən əsrin əvvəllərində milli sərhəd mühafizəsinin formalaşdırılması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan parlamenti sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. Qısa müddət ərzində sərhəd mühafizəsi qüvvələrinin formalaşdırılmasına başlanılmışdır. Lakin 1920-ci ildə baş vermiş bolşevik Rusiyasının işğalı Cümhuriyyəti süquta uğradaraq bu işi də yarımçıq qoymuşdur.

Danılmaz həqiqətdir ki, Azərbaycan Sərhəd Mühafizəsinin keyfiyyətcə yenidən təşkili və formalaşması müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider bu barədə demişdir: “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də, sərhədləri qorumaq lazım olacaqdır”.

Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin avqust ayının 16-da imzaladığı Fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi müəyyən edilmişdir. Ümummilli Lider bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də əlamətdar olduğunu və böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.



2003-cü ildən bəri Azərbaycan Sərhəd Mühafizəsi Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət sayəsində böyük inkişaf yolu keçmişdir. Bu gün Dövlət Sərhəd Xidməti güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi fəaliyyət göstərir.

Məlumdur ki, Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bütün birlik və qoşun növləri iştirak edərək Tarixi Qələbənin əldə edilməsinə öz töhfələrini verdilər. O cümlədən Vətən müharibəsinin gedişində DSX-nın Sərhəd Qoşunları da böyük qəhrəmanlıqlar göstərdilər. Məhz Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı. Bunlardan biri sözsüz ki, pilotsuz uçuş aparatlarının - dronların geniş tətbiqi ilə bağlı idi. Məhz DSX dronlarının sarsıdıcı zərbələri düşmənin zenit-raket qurğularının, tank və artilleriya sistemlərinin məhvində xüsusi rol oynadı.

Qəhrəman sərhədçilərimiz 44 günlük Vətən müharibəsində bir sıra rayonların işğalçılardan təmizlənməsində və əlbəttə ki, dövlət sərhədlərinin azad olunmasında yaxından iştirak edərkən böyük şücaət nümayiş etdiriblər. Məhz sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhədinin işğal altında qalan 132 kilometr hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhədinin 500 kilometrlik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır ki, sərhədlərimiz məhz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Proses bu gün də planauyğun şəkildə davam etməkdədir.

Öz müsahibələrinin birində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev demişdir: “Azərbaycan Sərhəd Mühafizəsinin bütün şəxsi heyəti dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edir və gələcəyinə inamla baxır. Bu inam Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır. Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhədçisi – uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur! Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaqdır!”

Biz də AİA.Az (Azərbaycan İnformasiya Agentliyi) olaraq başda cənab general-polkovnik Elçin Quliyev olmaqla bütün qəhrəman sərhədçilərimizi Azərbaycanın Sərhəd Mühafizəsinin yaradılmasının 104-cü ildönümü münasibətilə ürəkdən təbrik edirik və onlara bu şərəfli işlərində yeni uğurlar, möhtəşəm qələbələr diləyirik!

Azər Məmmədov
Geri dön