Ana Sayfa > Özəl > Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu
Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu19-08-2023, 10:16. Yazar: sevinc1 |
![]() Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib. Ermənilər bu müzakirəyə böyük ümidlər bəsləsələr də, bütün ümidləri puç oldu. BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasını Ermənistanın “Laçın dəhlizi” ilə bağlı son patronu kimi dəyərləndirmək olar. Lakin Ermənistan son patronunu da səmərəsiz istifadə etdi. Müzakirələr heç bir qətnamə və ya bəyanatla yekunlaşmadı. Əksinə, müzakirələrin özü bir çox həqiqətləri ortaya qoydu. Azərbaycan tərəfindən verilən məlumatlar və izahlar ərazidə real vəziyyətin nədən ibarət olduğunu və Ermənistanın açıq-aşkar “humanitar böhran” termini ilə manipulyasiya etdiyini aşkara çıxardı. Müzakirə iştirakçılarına məlum oldu ki, humanitar məqsədlə ayrılan yol mövcuddur, lakin Ermənistan və Qarabağda yuva salmış separatçı ünsürlər bu yoldan istifadə etməkdən imtina edirlər. Ölkəmizin BMT yanında daimi nümayəndəsinin çıxışı bütövlükdə erməni riyakarlığının ifşasından ibarət idi. Ermənilərin öz havadarları ilə birlikdə planladığı növbəti siyasi təxribat iflasa uğradı. O ki qaldı nəticə çıxarmağa, ermənilərə münasibətdə bunu proqnozlaşdırmaq çox çətindir. Çünki onlar öz siyasətini bir qayda olaraq məntiqə və sağlam düşüncəyə əks istiqamətdə qururlar. Kənardan müşahidə edənlər belə düşünə bilər ki, daha bu dəfə də iflasa uğrayandan sonra Ermənistan növbəti addımlarını yüz ölçüb bir biçəcək. Amma təəssüf ki, bu baş vermir. Az sonra ermənilər yeni bir taktika ilə eyni riyakarlığa, ikiüzlülüyə və təxribatlara üz tuturlar. Ağıllı adam bir dəfə etdiyi səhvi heç vaxt təkrar etməz. Bu misalı xalqlara da aid etmək olar. Erməniləri bu mənada istisna hal hesab etmək olar. Mövcud durumun maraqlı tərəfi ondan ibarətdir ki, bütün bu manipulyasiyalardan ən çox əziyyət çəkən Ermənistanın apardığı riyakar siyasətin girovuna çevrilmiş erməni xalqıdır. Ona görə erməni cəmiyyəti siyasi elitanın qeyri-adekvat gedişlərinə etiraz etməli, özlərinin təhlükəsiz gələcəyini təmin etmək üçün hakimiyyətdən sözdə yox, əməldə sülh gündəliyinin həyata keçirilməsini tələb etməlidir. Bəzi böyük dövlətlər, yəni dünya siyasətində önəmli rol oynayan və önəmli təsir gücünə malik olan dövlətlər Ermənistanın təxribatlarına sadəcə göz yummur, onlar özləri də bu təxribatlarda iştirak edirlər. Məsələn, Ermənistan tərəfindən uydurma bəhanələr əsasında BMT TŞ-nın iclasının təşkili və orada səsləndirilən birtərəfli, Azərbaycana qarşı qərəzli açıqlamalar özü onu göstərir ki, Ermənistanın bu cür addımları həmin dövlətlərin siyasi hakimiyyətləri ilə razılaşdırılmış şəkildə atılır. Lakin Azərbaycanın apardığı fəal və səmərəli diplomatiya Ermənistan yalanları əsasında ölkəmizə qarşı hazırlanmış təxribatları həmişə uğurlu şəkildə dəf edə bilir. Bu dəfə də belə oldu. Məsələn,Təhlükəsizlik Şurasının iclasında Fransa təmsilçisinin Ermənistanın yalanlarını təsdiqləməsi və müdafiə etməsi faktı daha çox Fransanın özünün beynəlxalq nüfuzuna xələl gətirdi. Azərbaycan diplomatlarının ortaya qoyduğu təkzibedilməz faktlar təkcə Ermənistanın yox, eləcə də onu dəstəkləyən dövlətlərin qurduğu humanitar fəlakət oyununun saxta olduğunu sübut etdi və nəticədə Ermənistanla bərabər onun saxta ittihamlarını dəstəkləyən dövlətlərin də beynəlxalq birliyi aldatmaq cəhdlərini üzə çıxardı. Bütün bunlar son nəticədə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və onun bölgədə sülh siyasətinə beynəlxalq inamı daha da artırır. Mayil Əliyev YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |