Ana Sayfa > Siyasət / Özəl > ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN: SƏRHƏDLƏRİMİZİN MÜHAFİZƏSİ ETİBARLI ƏLLƏRDƏDİR!

ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN: SƏRHƏDLƏRİMİZİN MÜHAFİZƏSİ ETİBARLI ƏLLƏRDƏDİR!


18-08-2023, 11:54. Yazar: sevinc1
ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN: SƏRHƏDLƏRİMİZİN MÜHAFİZƏSİ  ETİBARLI ƏLLƏRDƏDİR!

Hadisələrin vaxtını müəyyənləşdirmək və onların xronoloji ardıcıllığını şərh etmək medianınn qarşısında duran əsas vəzifələrdən biridir. İctimai-siyasi hadisələrin baş verdiyi vaxtı bilmədən müasir tariximiz barədə mükəmməl və ardıcıl təsəvvür yaratmaq mümkün deyil. Qloballaşma dövründə rəqəmsallaşmadan irəli gələn çağırışlar biz jurnalistlərin də fəaliyyətinə yeni forma və üslub verir. Bu vəzifələrdən biri də ictimai həyatın bütün sahələrinə informasiya texnologiyalarının sürətli daxil olduğu bir dövrdə həm fiziki və həm də elektron məkanda ölkəmizdə baş verən hadisələr, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət, milli maraqlara və gələcəyə hesablanan strategiya haqqında vaxtında təhlillər aparmaq, ictimaiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Yalnız bu yolla biz müasir Azərbaycan tarixinin yazılmasına öz töhfəmizi vermiş olarıq.
Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində yenilməz ordumuz 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq işğal faktına son qoydu və özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibədə dediyi kimi: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı".
Müasir dövrdə inteqrasiya proseslərinin sürətləndirilməsi və xüsusilə regional səviyyədə iqtisadi inteqrasiyanın səmərəliliyinin yüksəldilməsi aktuallığı ilə diqqət çəkir. Torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra regionun inkişafı üçün yeni imkanlar açıldı. Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası başladı.
Azərbaycan vətəndaşlarının doğma yurd-yuvalarına qayıtması üçün strateji plan hazırlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad olunmuş torpaqlarda apardığı gəlcəyə hesablanmış iqtisadi siyasət regionda iqtisadi inkişaf prosesslərinin davamlılığını təmin edərək milli iqtisadiyyatı beynəlmiləlləşdirmək və gələcəkdə təkcə regionun deyil, ümumilikdə ölkəmizin dünya təsərrüfat sistemində rəqabətqabiliyyətliliyini gücləndirməyə hesablanıb. Qısa müddət ərzində aparılan məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın kompleks inkişafı təmin edilib, beynəlxalq miqyasda dövlətimizin mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib.
Qarabağda görülən işlər mütəmadi olaraq bu bölgəyə səfər edən Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Prezidentin regiona ardıcıl səfərlərinin səbəbi, özünün də qeyd etiyi kimi həm nəzarət və həm də yeni tapşırıqlar vermək məqsədi daşıyır. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa olunur, onlara yeni nəfəs verilir. Artıq müasir infrastruktura malik ağıllı kənd və şəhərlərimizə Böyük qayıdış başlayıb.
Tez-tez sərhəd rayonlarımızda olan Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq digər bölgələrimizə də səfərlər edir.
Bu gün Azərbaycan dünyada dayanıqlı və sürətli inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Qərb rayonlarına səfəri dediklərimizin bariz nümunəsidir. Bərdə, Samux, Gəncə, Şəmkir və Qazax şəhərlərinə səfər edən ölkə başçısı Ümummilli Lider Heydər Əliyevin həmin şəhərlərdə ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstələri qoydu. Prezident İlham Əliyev Bərdə rayonunda Qarabağ Regional DOST mərkəzinin, Qarabağ Regional Peşə Hazırlıq Mərkəzinin açılışında iştirak etdi, Samuxda inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanasının yeni binasının və Şəmkir şəhəri Məhəmməd Fizuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyinin açılışında iştirak etdi. Səfər zamanı Prezident həmçinin Qazax müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Venzana” mebel fabrikinin açılışında iştirak etdi. Qeyd olunanlar bir daha sübut edir ki, Ölkə Başçısı bütün regionlarımızın infrastrukturunun yenilənməsi və iqtisadi inteqrasiyası məsələsinə xüsusi diqqət yetirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara hər səfəri bu ərazilərdə yaşayan insanlar tərəfindən böyük sevinc və rəğbətlə qarşılanır. Çünki Ölkə Başçısının səfərləri regionların sosial-iqtisadi inkişafına, əhalinin güzəranının yaxşılaşmasına və ümumilikdə həmin ərazilərin çiçəklənməsinə səbəb olur. Bu səfərlər regionlarda müasir tipli məktəblər, səhiyyə ocaqları, fabriklər, yeni iş yerləri deməkdir və insanların maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bütün bunlar insanların inamını və daha xoşbəxt gələcəyə ümidini artırır. Prezident bütün ölkədə cərəyan edən prosesləri daim diqqət mərkəzində saxlayır. Prezidentin səfərlərində əsas məqsəd regionlarda yaşayan əhalinin problemləri ilə şəxsən tanış olmaq, onların həlli istiqamətində yerində tapşırıqlar vermək və lazımi tədbirlər görməkdir. Şübhə yoxdur ki, Ölkə Başçısının Respublikanın sosial-iqtisadi inkişafına hesablanmış işlərin uğurla həyata keçirilməsindəki fəaliyyəti bir yazının mövzusu deyil. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin xalqımız üçün gördüyü əvəzsiz xidmətlərin hər biri cild-cild kitablar deməkdir.
Azərbaycan xalqının Prezidentinə hüdudsuz sevgisi var. Bu sevginin qayəsində Respublikada aparılan quruculuq işləri, Ali Baş Komandanın Müasir Ordu Quruculuğu strategiyası, 44 günlük Vətən Müharibəsindəki qələbəsi və həm də ölkə başçısının xalqın xoşbəxtliyi naminə gördüyü işlər durur.
Prezident İlham Əliyevin qərb rayonlarına səfərini televiziya vasitəsilə izləyərkən rayonlarda müasir standartlara uyğun infrastrukturun quruldugunu gördükcə azərbaycanlı olaraq qürur hissi keçirirəm. Lakin mən bu yazımda həmin səfərin bir məqamına xüsusi diqqət ayırmaq istəyirəm. Televiziya ekranında gördüyüm təsvirdə məni fərəhləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olarkən öz milli zabitimizin Ali Baş Komandana raport verməsi oldu.
Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycanın inkişaf dövrü bütün sahələri əhatə edib. Məhz Ümummilli Liderin qərarı ilə Sərhəd Xidməti müstəqil xidmət kimi formalaşıb və yarandığı gündən bu günə kimi şərəfli inkişaf yolu keçib. Həyatı boyu Ulu Öndər xalqın xoşbəxt, firəvan həyatını və təhlükəsizliyini düşünüb. Təhsil, səhiyyə, mədəniyyyət, incəsəsnət sahəsi və xüsusilə hərbi sahənin inkişafı həmişə diqqət mərkəzində olub.
Ümummilli Liderin Ordu quruculuğunda gələcəyə hesablanmış siyasəti Azərbaycan zabitinin müstəqillik əldə edildikdən sonra dövlətə xidmət etmək şəraitini yaratdı. Hələ 1960-cı illərdə Milli Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə işləyən Dahi Öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyini görürdü. Bunu Ümummilli Liderin həmin dövrdə müstəqil Azərbaycan naminə gördüyü işlər təsdiqləyir. Ulu Öndər 60-cı illərdən başlayaraq xəyalında qurduğu Azərbaycanın gələcəyinə hesablanmış strategiyanı planlı şəkildə həyata keçirməyə başladı. Həmin strategiyanın əsasında Azərbaycanın müstəqilliyi, sərhədlərinin qorunması və infrastrukturun formalaşdırılması dururdu. Həmin dönəmdə Sovet rəhbərliyinin ayrı-ayrı respublikalarda milli hərbi kadrların hazırlanması məsələsinə ciddi maneə yaratmasına baxmayaraq, Ulu Öndər ölkə rəhbərliyinə gəldikdən sonra özünün şəxsi nüfuzundan istifadə edərək milli kadrların hazırlanması üçün 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi internat-məktəbinin yaradılmasına nail oldu. Bununla da müasir Azərbaycan zabitlərinin formalaşmasının təməl daşını qoymuş oldu. Ümummilli Liderin xalqına göstərdiyi bu xidmətlərin nəticəsində, Heydər Əliyevin himayədarlığı altında 70-ci illərin əvvəlində Azərbaycanda ixtisaslı milli zabitlər ordusu yaranmağa başladı. Həmin milli kadrlardan biri də Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi internat-məktəbini uğurla bitirən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev idi. General-polkovnik Elçin Quliyevin televiziya kanallarından birində səsləndirdiyi fikri qeyd etmək istərdim: “Hər birimiz arxamızda ilahi bir qüvvənin olduğunu hiss edirdik. Hamı bilirdi ki, bu kimdir. Bu Dahi Öndər Heydər Əliyev idi”. Heyrətamizdir, əziz oxucu, elə deyilmi?
Ümummilli liderin milli kadrlara göstərdiyi diqqət və qayğı bununla bitmirdi. Heydər Əliyev milli zabitləri təhsilini bitirdikdən sonra müxtəlif vəzifələrə təyin edir və onların qarşısında Vətənə şərəflə xidmət etmək kimi mühüm vəzifələr qoyurdu.
Bu gün Müzəffər Ali Baş komandanın rəhbərliyi altında Dövlət Sərhəd Xidməti ən müasir hərbi texnika və avadanıqlarla təmin olunur. Yeni sərhəd zastavaları tikilir, müasir infrastruktur yaradılır, sərhədçilərin peşəkarlığı artırılır, onların müasir qaydalara uyğun fəaliyyəti üçün böyük tədbirlər görülür. Sərhədçilər yaxşı bilirlər ki, sərhəd hər bir dövlətin rəmzidir, müstəqil dövlətin mühüm amillərindən biridir və onlar Müzəffər Ali Baş Komandanın əmrinə uyğun olaraq sərhədlərimizi göz bəbəyi kimi qoruyurlar. Bunun nəticəsidir ki, Azərbaycanda sabitlik var, ictimai-siyasi asayiş hökm sürür. Bir sözlə ölkə daxilində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. İnsanlar rahat yaşayır, gecələr küçələrdə rahat gəzir və dincəlirlər. Kənardan Azərbaycana təxribat məqsədilə gəlmək istəyən qüvvələrin qarşısı alınıb. Ölkə əhalisinin təhlükəsizliyi təmin olunub.
Sərhədçilərimiz Vətənin mühafizəsinə həmişə hazır olduqlarını 44 günlük Vətən savaşında nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda müharibınin ilk günündə Dövlət Sərhəd Xidmətinin 2 pilotu, sentyabr toqquşmalarında 9 hərbi qulluqçusu və Qaraheybət helikopter qəzasında 14 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıbdır. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub.
Bu günlərdə Qərb rayonlarına səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Məruzə edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Bütün bunları izlədikcə bir daha əmin oluruq ki, sərhədlərimiz həqiqətən etibarlı əllərdədir.
Xatırlatmaq yerinə düşərdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2000-ci il sərəncamı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Müzəffər Ali Baş Komandanımız İlham Heydər oğlu Əıiyev başda bütün sərhədçilərimizi səmimi qəlbdən təbrik edirəm, onlara can sağlığı və iqtisadi inkişafla müşayət olunan, işıqlı sabah, xoşbəxt gəlcək, günü-gündən çiçəklənən Azərbaycan naminə şərəfli vəzifələrinin icrasında uğurlar arzulayıram.

Akif Təvəkküloğlu Əməkdar jurnalist




Geri dön