Ana Sayfa > Özəl > Qəhrəmanlar unudulmur

Qəhrəmanlar unudulmur


15-08-2023, 17:08. Yazar: sevinc1
Qəhrəmanlar unudulmur

Azərbaycan xalqı hər zaman öz qəhrəmanları, cəsur, igid və vətənpərvər oğulları ilə fəxr edib. Dövlətlə yanaşı xalq da öz şəhidlərinə, onların ailə üzvlərinə, qazi və müharibə əlillərinə diqqət və qayğı göstərib. Bu ənənə bu gün də davam edir və bundan sonra da davam edəcək. Bu gün daha bir qəhrəmanımız haqqında söhbət açırıq. Haqqında söhbət açdığımız igid döyüşçümüz, bizə əsl vətənpərvər övladlar qoyub getmiş qəhrəman zabitlərimizdən biri kapitan Yusifov Yavər Əmrulla oğludur. Məhz bu gün onun anım günüdür və onu tanıyanlar, yaxınları, döyüş yoldaşları və ailəsi onu ehtiramla anırlar. Yavər Yusifov əslən Qubadlı rayonundan olsa da Sumqayıtda dünyaya göz açıb. Uşaqlıq illərindən hərb sənətinə xüsusi marağı olan Yavər bəlkə də düşünməzdi ki, bir gün gələcək ata-babasının doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edəcək.
Orta məktəbi bitirdikdən sonra Yavər Yusifov sevdiyi hərb sənətinə yiyələnmək üçün Rusiya Federasiyasında Simferopol Ali - Siyasi Hərbi Məktəbini bitirir. Hərb sənətinin sirlərinə yiyələnmiş zabit kimi keçmiş Sovetlər İttifaqının müxtəlif Respublikalarında xidmət edir. Y. Yusifov xidmət dövründə nümunəvi davranışına, hərb sənətinə sonsuz sevgisinə, hərbi biliklərə mükəmməl sahib olduguna görə gənc zabit kimi Komandanlığın diqqətini cəlb edir, xidmətdə fərqləndiyinə görə müxtəlif təltiflərlə mükafatlandırılır.
1987- ci ildə Gürcüstanın Kutaisi şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən Yavəri öz dogma Vətəninə gətirən ciddi səbəblər vardı. Azərbaycana qarşı təxribat kimi hazırlanıb həyata keçirilən məlum Sumqayıt hadisələrinə Vətəndən kənarda olan digər soydaşlarımız kimi Yavər də biganə qala bilmədi. Ardınca Qarabağ və ətrafında baş verən hadisələr, erməni qəsbkarlarının Azərbaycan torpaqlarına xaincəsinə basqını Yavərin qəti qərar qəbul edib Vətənə dönməsinə səbəb oldu. Əsl Vətənpərvər və peşəkar zabit kimi müxtəlif hərbi hissələrdə öz hərbi bilik və təcrübəsini şəxsi heyyətə çatdıran Yavər Yusifov Qubadlı, Füzuli, Cəbrayıl və digər rayonlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək xüsusi ilə seçilir. Qorxmaz, qətiyyətli xarakteri ilə yanaşı tabeliyində olan hərbiçilərə xüsusi qayğı ilə yanaşması Qəhrəmanımızı şəxsi heyyət arasında böyük hörmət və nüfuz sahibi etmişdi. Uzun müddətli hərbi təcrübəsi, hərbi bilik və bacarığı, peşəkar zabit kimi Yavər Yusifovun uğurlarının sayını artırır, Komandanlığın rəğbətini qazandırırdı. Başqaları kimi onun da tək bir arzusu var idi. Yavər Yusifovun ən böyük arzusu o idi ki, torpaqlarımız mənfur düşmən tapdağından təmizlənsin, Vətən uğrunda şəhid olan döyüş yoldaşlarının ruhu şad olsun. Həm də ata yurdu doğma Qubadlının azadlığı onun üçün həyat kredosuna çevrilmişdi. Ancaq, zalım əcəl Qəhrəmanımızın ən müqəddəs, ülvü arzusunu gerçəkləşdirməyə macal vermədi. 2001-ci il avqustun 16-da xidməti vəzifə dövründə bu həyatla birdəfəlik vidalaşmalı oldu. Yaşasaydı bu gün canı - qanı qədər sevdiyi, namusu, qeyrəti saydığı torpaqlarımızın azad olunduğunun şahidi və əlbəttə ki, o döyüşlərin iştirakçısı olacaqdı.. Yaşasaydı bu gün doğma ata - baba yurdu Qubadlıda gəzəcəkdi Qəhrəman zabitimiz.. Bu gün yalnız Yavərlərin ruhu dolaşır o torpaqlarda, ancaq, həm azad, həm də Qalib Ordunun, Qalib döyüşçülərinin ruhu kimi…. Allah rəhmət eləsin...
Yuxarıda da qeyd etdiyimiz ki, Yavər bizə əsl vətənpərvr övlad qpyub gedib.



Bu gün Yavərin qız övladı Vəfa Yusifova atasının yolunu uğurla davam etdirir. Onun qızı Vəfa xanım bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissəsilərinin birində rabitəçi kimi xidmət edir. Vəfa Yusifova əsl vətənpərvər əsgər kimi xidməti vəzifəsini şərəflə yerinə yetirir. Ruhu şaddır bu gün Yavər Yusifovun. Ata-baba yurdu, doğma Qubadlı düşmən tapdağından azad olunub. Qız övladı Vəfa isə əsl vətənpərvər kimi onun yolunu davam etdirir.


Geri dön