Ana Sayfa > Özəl > Tarix unudulmur...

Tarix unudulmur...


11-08-2023, 12:51. Yazar: sevinc1
Tarix unudulmur...

Bir faciənin tarixindən 90 il ötür

Xalqımız öz vətənpərvər, fədakar övladları ilə həmişə fəxr edib. Ömrünün mənasını vətənə, xalqa sədaqətlə xidmətdə görmüş, bütün dövrlərdə vəzifə borcunu şərəflə yerinə yetirərək həyatının ömür səhifələrini zənginləşdirmişdir. Arxiv materialları əsasında topladığım və haqqında yazdığım şəxs mənim ulu babamdır. Lənkəranın quruculuq tarixində öz yeri və müstəsna xidmətləri olan dövrünün qızıl partizanı Həbib Nəsrulla oğlu Cəfərov atamın ata tərəfdən ana babasıdır. Məzarı Lənkəranın Göyşaban kənd qəbirstanlığındadır. 1998–ci ildə mərhumun nəticəsi, böyük əmim, Astaranın icra başçısı vəzifəsində çalışan professor İbrahim Quliyev təqdir ediləsi bir addım atdı. Ata babası Həbib Cəfərovun vəfatının 65–ci ildönümündə məzarı üstündə xatirə abidəsini yeni görkəmdə inşa etdirdi. Açılış mərasimində həmin ildə Lənkəran şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışan mərhum Dilruba xanım Camalova, rayon ağsaqqalları, ziyalılar, kənd sakinləri, ailə üzvlərimiz və məndə iştirak edirdim. Qara mərmərin üzərinə rəssam tərəfindən bu cümlələr yazılmışdı: ”Azərbaycanda dövlət quruculuğu uğrunda yorulmaz mübariz, görkəmli dövlət və ictimai xadim, el oba təəssübkeşi, xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə qətlə yetirilən Həbib Nəsrulla oğlu Cəfərovun əziz xatirəsinə (22.III.1890–22.III.1933).
43 il şərəfli ömür sürən ulu babam Həbib Cəfərov Lənkəranda Sovet hakimiyyətinin qurucularından, fəal inqilabçılardan olmuşdur. Məşhədi Əzizbəyovun ən yaxın silahdaşlarından biri kimi onun və məsləkdaşlarının güllələnməsi böyük əks–səda doğurub, ölümü ilə əlaqədar 40–a yaxın adam həbs edilmişdir. O vaxt 43 yaşlı inqilabçının öz doğum günündə ölümü dəhşətli hadisə kimi qəbul edilirdi. Oruc babamın babası Həbib Cəfərov xidməti işinə sadiq, mənəviyyatca təmiz və pak insan olmuşdur. Kənd ağsaqqallarının, yaşlı insanların dediklərinə görə bir dəfə xidməti işi ilə əlaqədar 500 kiloqram qızıl aşkarlayıb. Yoldaşlarından kimsə ona “Birini götürsənə, kasıblıqdan canımız qurtarsın” desə də, Həbib kişi çox sərt şəkildə ona “Dövlətə xəyanət etmək olmaz!” deyib. Məhz onun mübariz, dövlətçiliyə sadiq xidmətinə görə haqqında səhnələşdirilmiş pyes yazılıb.
Həbib Cəfərov və əqidə yoldaşı Abbas Məhəmmədovun qətli haqqında nekroloq və Ali məhkəmənin qərarı dövrün mətbu orqanı olan Sio talış (indiki Lənkəran) qəzetinin 24 mart 1933–cü il nömrəli sayında dərc edilmişdir. Nekroloqda qeyd edilir: ”Lənkəran rayon firqə və icraiyyə komitələri: firqə üzvləri Həbib Cəfərov və Abbas Məhəmmədov yoldaşlarının 22 mart gecəsi Gömşəvan murdabında vəzifə başında facianə bir surətdə qətl edildiklərini xəbər verirlər”.
Qəzet hadisənin sonrakı mənzərəsi haqqında da məlumat verir:” Aktiv firqəsi: partizanların qatillərinə ən ali cəza tələb edirik” başlığı altında yazı qazetin 1 may 1933–cü il tarixli sayında dərc olunmuşdur. Orada yazılır:”Martın axırlarında iki nəfər kommunist (Həbib Cəfərov və Abbas Məhəmmədov) vəzifə başında facianə bir surətdə qətl edildiklərini xəbər vermişdik. Bunlar hər ikisi sosializm quruluşu uğrunda yorulmadan mübarizə aparmışlar. Muzdur ailəsində doğulan Həbib Cəfərov yoldaş hələ 1919–cu ildə qızıl partizanlar sırasına daxil olmuşdur. O, 1920–ci ildən firqə üzvü idi. Cəfərov 1920–ci ildən qətl edildiyi günə kimi qırmızı milis nəfəri olmuş və öz vəzifəsində vicdanla çalışmışdır. Abbas Məhəmmədov da Gömşəvan kəndində yoxsul ailədə doğulmuş, bir neçə il qolçomaqlara muzdurluq etmişdir. Həbib və Abbas yoldaşlar Gömşəvan kəndində olan qolçomaq, alverçi və qeyri antişura üzvlərinə qarşı amansız mübarizə aparmış, onları səsdən məhrum etmiş, ağır vergilərə cəlb etmişlər. Bu iki kommunist kənddə kolxoz təşkilinin ilk təşəbbüsçülərindən olmuş, kolxoz təşkil olunandan sonra da onun möhkəmləndirilməsi uğrunda mubarizə aparmışlar. Son aylarda Həbib və Abbas yoldaşlar balıq ayı cəbhəsində çalışaraq, kolxozda ovlanan balıqların hərrac edilməsinə qarşı amansız mübarizə aparmışlar. Gömşəvan kəndinin qolçomaq alverçi və qeyri antişura ünsürləri Həbib və Abbasdan özlərini xilas etmək üçün çoxdan bəri hazırlıq aparmışlar. Bunlar kənddə durduqca bizə yaşamaq mümkün olmayacaqdır. Qolçomaqların Həbib və Abbas haqqında düşündükləri bundan ibarət idi. Gömşəvan qolçomaqları Həbib və Abbasa qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün bir neçə dəfə Gömşəvanda müşavirələr edərək, nəhayət Həbib və Abbası qətl etməyi qərara alıblar. Vəhşi qolçomaqlar, martın 22–də gecə vaxtı Gömşəvan murdabında qaravulda duran Həbib və Abbası vəhşiyanə bir surətdə qətl edirlər”.
Bu qətlin başlıca təşkilatçıları kimlərdir? Bunlar Gömşəvan kolxozçularının ən qəddar düşmənləri – qolçomaqlar, alverçilər və mollalardır. Bunlardan: Həsən Qafar oğlu – qolçomaq, həm də böyük alverçidir, həmişə seçki hüququndan məhrum olmuşdur, kənddə kolxoz, məktəb əleyhinə quduz mübarizə aparmış, vaxtı ilə bir muzdurun öldürülməsinə başçılıq etmişdir. Kolxozda ovlanan balıqların hərrac edilməsini təşkil edəndir.
Həbib və Abbas yoldaşların qətlini təşkil etmişdir: Nəzir Hüseynqulu oğlu, qolçomaq və böyük alverçidir. Musa Salayev, qolçomaq və böyük alverçidir, Məhəmmədhüseyn Əsgərov qolçomaq və böyük alverçidir, bütün ailəsi səsdən məhrumdur, çapqınçı ünsürdür. Haşım qolçomaq, böyük alverçidir və həm də molladır. Mirzə Məlik oğlu böyük alverçidir, keçmişdə atası kəndxuda olmuşdur. Əyyub Fəttah oğlu qolçomaq və böyük alverçidir. Bu işdə müqəssir edilənlərdən Mirzəağa Hacı oğlu, Qulamrza Ağarza oğlu, Həbib Müseyib oğlu, Eynulla Sadıqov və qeyriləri dəxi kəndin qolçomaq, alverçi və antişura ünsürləridir. Həbib və Abbas yoldaşların qətlini təşkil edərək onda yaxından iştirak edən qolçomaqlar, kəndin bir neçə az düşüncəli kolxozçularını dəxi bu işə cəlb etməyə müvəffəq olmuşlar. Ali məhkəmənin səyyar heyəti aprelin 28–dən etibarən Lənkəranda bu işə baxmağa başlamışdır. Məhkəmə istintaqının gedişi, vəhşi qolçomaqların iç üzünü və vəhşiyanə qətlin bütün təfsilatını göstərməkdədir. İki kommunist, qızıl partizan və ictimai işçinin qatilləri proletar məhkəməsi tərəfindən ən ali cəzaya məhkum edilməlidirlər. Bu, qızıl partizan və əməkçi kolxozçuların tələbidir.
“Qızıl partizan qatillərə ali cəza tələb edirlər” sərlövhəli yazı da qəzetin həmin nömrəsində dərc olunub:” Bu günlərdə Lənkəranda olan sabiq qızıl partizan və qızıl qvardiyaçıların ümumi iclası olmuşdur. İclas Həbib və Abbas yoldaşların vəhşiyanə surətdə qətl edilməsi məsələsini müzakirə etmişdir”.
İclasın qəbul etmiş olduğu qərarda deyilir: ”Qızıl partizan Həbib və Abbasın qətli, sinfi düşmən qalıqlarının sosializm quruluşu avanqardlarına, fəal işçilərə qarşı terror çıxışından ibarətdir. Qatillərə ən ali cəza verilməsinin ali məhkəmədən rica edirik”. Bu da məhkəmənin yekununu əks etdirən “Gömşəvan qolçomaqlarının işi” sərlövhəli məlumat. Bu yazı qazetin 7 may 1933-cü il tarixli sayında verilib: ”Ali məhkəmənin səyyar heyəti aprelin 28-dən mayın 6-na qədər Gömşəvan qızıl partizanları Həbib Cəfərov və Abbas Məhəmmədov yoldaşların vəhşiyanə qətl edilməsi işinə baxmışdır. Səyyar heyətin tərkibi aşağıdakı yoldaşlardan ibarət olmuşdur: Sədr-Cəbrayıl Nurəliyev, üzvlər – Abdullayev, Xosrovov, ehtiyatda qalan üzv-Məhəmmədəli Əkbər oğlu, prokuror Məcid Quliyev”.
Mayın 6–da axşam məhkəmənin qərarı elan edilmişdir: ”Qızıl partizan Həbib Cəfərov və Abbas Məhəmmədov yoldaşların qətlini təşkil edən və bu işdə iştirak edən Həsən Qafar oğlu Həbibov, Qulamrza Ağarza oğlu, Haşım, Məhəmmədhüseyn, Məhəmməd Cəfər oğlu, Nəzir Hüseynqulu oğlu, Mirzə Məlik oğlu, Əyyub Fəttah oğlu güllələnməyə məhkum edilmişlər. Hacıağa Hacı oğlu, Həbib Müseyib oğlu, Lətif Səmədov, Eynulla Sadıqov həbsə məhkum edilmiş, Hacıbala Cavad oğlu, Ağa Əliyev, Baba, Əliheydər Səfər oğlu isə həbsə və sürgünə məhkum edilmişlər”.
Hər dövrün, hər zamanın öz qəhrəmanı yetişir. Ulu babam Həbib Cəfərov və silahdaşı Abbas Məhəmmədov dövrünün qəhrəmanlıq səhifəsinə öz adlarını qızıl hərflərlə yazmışlar. Yazıçı, publisist, tanınmış jurnalist Hacı Etibar Əhədov Aşkarlıq qazetinin 25 iyul 2012–ci il tarixli nömrəsində “Lənkəranın Gömşavan kəndində törədilmiş dəhşətli hadisədən 79 il keçir” adlı məqalə yazaraq oxuculara ulu babam Həbib Cəfərov haqqında ətraflı məlumat vermişdir.
Ötənləri, keçənləri gələcək nəsillərə çatdırmaq tarix qarşısında borc və müqəddəs vəzifələrdən biridir. Bu belə də olmalıdır. Axı haqq–ədalət gec–tez öz yerini tapır. Azərbaycan xalqı uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayaraq nəyə qadir olduğunu göstərə bildi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu tarixin təbliği yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hisslərinin tərbiyə olunması, milli kimlik məfkurəsinin formalaşması baxımından ibrət dərsi olmalıdır. Çünki tarix bizdən keçmişin ibrət dərslərini bilməyi, faciəmizin səbəb–nəticə əlaqəsini dərindən dərk etməyi, xalqımızın azadlıq uğrunda mübarizəsinin mərhələlərini yadda saxlamağı, dostumuzu–düşmənimizi tanımağı və unutmamağı tələb edir. Bu da bir unudulmayan tarixdir.
Cəmil Quliyev
Tarix üzrə fəlsəfə doktoru
Geri dön