Ana Sayfa > Ölkə > Mariinski Teatrının tarixi və yeni səhnələrində klassik balet gecələri baş tutub
Mariinski Teatrının tarixi və yeni səhnələrində klassik balet gecələri baş tutub10-08-2023, 18:04. Yazar: sevinc1 |
Rusiyanın görkəmli dirijoru, Mariinski teatrın direktoru Valeriy Gergiyevin təşəbbüsü ilə 1-10 avqust tarixlərində Mariinski Teatrının tarixi və yeni səhnələrində klassik balet gecələri baş tutmuşdur. Mariinski Teatrın Primorski səhnəsinin balet solistlərinin iştirakı ilə keçən qastrol proqramına klassik dünya şedevrləri sayılan P. Çaykovskinin “Şelkinçik” və A. Adanın “Korsar” tamaşaları ilə bərabər dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə “ baleti də daxil idi. Rusiyanın əməkdar incəsənət xadimi, Mariinski teatrın baletinin bədii rəhbəri Eldar Əliyevin quruluş verdiyi tamaşalar böyük həyəcan və maraqla qarşılanmışdır. “1001 gecə” baletinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyevun rəhbərliyi ilə Mariinski Teatrının böyük simfonik orkestri və xoru təqdim etmişdir. Solo vokal bölümü soprano Anastasiya Kikot tərəfindən səslənmişdir. Simfonik orkestrin tərkibinə daxil edilən Azərbaycanın milli alətləri - tar (tarzən Ramin Əzimov və Nadejda Medvedevanın ifasında), zərb və nağara (Yevgeniy Jikalov) səslənməsi gecəyə xüsusi musiqi çalarları əlavə etdi. Tamaşalardan birini izləməyə gələn Maestro Valeriy Gergiyev Azərbaycan bəstəkarı Fikrət Əmirovun möhtəşən səhnə əsərini çox yüksək qiymətləndirmişdir. Qeyd etmək lazımdır ki, tamaşalarda Primorski səhnəsinin solistləri - Sergey Umanets, Arina Naqase (Yaponiya), Saki Nisida (Yaponiya), Yuriy Zinnurov, Aleksandra Şalimova, Lev Ponomarevla bərabər Mariinski Teatrının birinci balerinası olan Renata Şakirovanın iştirakı əsəri xüsusi rəng qatdı. Tamaşaların unudulmaz anlarından biri əsər bitdikdən sonra salondakı dinləyicilərin 30 dəqiqəyə yaxın ifaçıları ayaq üstə alqışlamaları olmuşdur. aia.az Geri dön |