Ana Sayfa > Özəl > Gəncədə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

Gəncədə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib


10-08-2023, 11:28. Yazar: sevinc1
Gəncədə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

aia.az bildirir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Gəncə şəhər İHB Aparatının, o cümlədən AMEA Gəncə Bölməsinin və şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Şəhər rəhbəri Niyazi Bayramov bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsiz olub. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 09 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. İcra başçısı qeyd edib ki, dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafı, dilin saflığı, təmizliyi istiqamətində apardığı siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul edib.
Dəyirmi masada çıxış edən digər natiqlər də Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlərin əsl məktəb olduğu və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacağı vurğulanıb.

Azər Tağızadə
Geri dön