Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Mingəçevir Tibb Kollecində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda Dəyirmi Masa keçirilib

Mingəçevir Tibb Kollecində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda Dəyirmi Masa keçirilib


9-08-2023, 13:43. Yazar: sevinc1
Mingəçevir Tibb Kollecində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda Dəyirmi Masa keçirilib

Mingəçevir Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda Dəyirmi Masa keçirilib.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov bildirib ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti, Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
F.Zeynalov qeyd edib ki, dahi şəxsiyyətin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyasın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Daha sonra kollecin müəllimləri Murad Mustafayev və Kəmalə Hüseynova çıxış edərək Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıblar.
Dəyirmi Masanın sonunda Ümummilli Lider Heydər Əliyevin Ana dilimiz barədə çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.

Azər Tağızadə
Geri dön