Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Ayaz Hüseynov Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirib

Ayaz Hüseynov Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirib


2-08-2023, 16:23. Yazar: sevinc1
Ayaz Hüseynov Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirib

01.08.2023-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğunun müayinəsinin keyfiyyətinin artırılması məqsədilə Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirib.

AİA.Az xəbər verir ki, baxış zamanı Ayaz Hüseynovu Respublika Klinik Xəstəxanasının laboratoriya şöbəsinin müdiri həkim Şəlalə Əliyeva, Hematologiya şöbəsinin hematoloqu həkim Mina Adıgözəlova və Referans Medical Group şirkətinin tibbi koordinatoru həkim İlqar Tapdıqlı müşayiət ediblər.

Qeyd edək ki, Laboratoriya şöbəsinin fəaliyyəti daim diqqət mərkəzindədir. Respublika Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən bir çox çatışmazlıqlar müəyyənləşdirilərək aradan qaldırılıb. Qanın laxtalanma pozğunluğunun yoxlanışı üçün 4 həkim laborant ayrılıb və laboratoriya tam avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunub.

Hazırda operativ şəkildə qanın laxtalanma faktorlarının müayinəsi aparılır və laboratoriya hematologiya şöbəsilə sıx şəkildə çalışır.

Lakin baxış zamanı hemofiliyanın inhibitor formasının və trombosit funksiya və keyfiyyətinin yoxlanmasında çətinliklərin olması müşahidə olunub. Bununla bağlı əlavə avadanlıqlarla təchizatın olması və kadrların təkmilləşməsinin zəruriliyi bildirilib.

Öncələr Respublika Klinik Xəstəxanasında hemofiliyanın müalicəsində uşaq şöbəsi olmayıb, son zamanlaradək uşaqlar böyüklərlə birgə ambulator və stasionar müalicə alıblar. Bu da psixoloji və tibbi normalara uyğun olmadığı üçün hazırda Respublika Klinik Xəstəxanası direktoru Elviz Qasımovun göstərişilə hemofiliyalı uşaqların ayrı və individual müalicəsi üçün uşaq şöbəsi yaradılıb.

İslahatların tezləşdirilməsi məqsədi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə danışıqlar aparıb və yaxın zamanda hemofiliyanın müalicəsi üçün beynəlxalq standartlara uyğun modelin yaradılması üçün Portuqaliyadan və İrlandiyadan beynəlxalq həkim və ekspertlərin Azərbaycana dəvəti planlaşdırılıb.

Məqsəd illərlə qalan ciddi problemlərin kökündən həll edilməsi, qısa bir zamanda dövlət səhiyyə qurumlarına yardım etmək və keyfiyyətli müalicəyə nail olmaq üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dəstəyin göstərilməsidir.
Geri dön