Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Əsrlərdən keçib gələn mənəvi irsimizi daha da zənginləşdirmək bizim gələcək nəsillər qarşısında borcumuzdur”
Aqiyə Naxçıvanlı: “Əsrlərdən keçib gələn mənəvi irsimizi daha da zənginləşdirmək bizim gələcək nəsillər qarşısında borcumuzdur”27-07-2023, 14:06. Yazar: sevinc1 |
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqı qarşısında olan misilsiz xidmətləri sırasında Ulu Öndərin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində atdığı addımlar, gördüyü işlər xüsusi yer tutur. Azərbaycan dilinin mahir bilicisi və sözün əsil mənasında aşiqi olan Ulu Öndər deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Hələ sovet dönəmində Ümummilli Lider xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün məqsədyönlü addımlar atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu Öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Fikirlərini davam etdirən deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib: “Bir ölkənin, bir xalqın tarixində on illik müddət həqiqətən də çox kiçik bir zaman kəsiyidir. Lakin, əgər bu zaman ərzində həmin ölkəyə rəhbərliyi böyük şəxsiyyət həyata keçirirsə, bu zaman başqalarının 40-50 ilə əldə edə bilməyəcəyi nailiyyətlərə də imza atmaq olar. Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət dövlət statusu almasına nail olub. Məhz Heydər Əliyevin mislisiz səyləri nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları Azərbaycan dilində nəşr edilib. Ən əsası, Ümummilli Liderimiz özü bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri hər zaman vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb.” Daha sonra A.Naxçıvanlı artıq müstəqillik illərində ana dilimizin qorunması və inkişafı üçün Ulu Öndərin atdığı addımların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr – 11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda inkişaf etdirərək uğurla davam etdirir. Möhtərəm dövlət başçımız tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir. Buna misal olaraq, Azərbaycan dilində əvvəllər çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə yenidən nəşr edilməsini təmin edəcək Sərəncamı nümunə kimi göstərmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu sahədə yarana biləcək boşluğu aradan qaldırdı və eyni zamanda da əlifba ilə bağlı ortaya çıxan digər texniki problemləri həll etdi. Öz çıxışlarının birində Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Buna görə, bizim də bir xalq olaraq gələcək nəsillər qarşısında borcumuz dilimizi, ədəbiyyatımızı, tariximizi və ənənələrimiz qoruyub saxlamaq, əsrlərdən bizə miras qalan bu mənəvi irsi daha da zənginləşdirməkdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |