Ana Sayfa > Özəl > Gəncədə “Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans
Gəncədə “Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans25-07-2023, 20:20. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans öz işinə başlayıb. aia.az xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Milli Məclisin üzvü Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov və digər qurumların nümayəndələri, həmçinin Qərb bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Konfransda çıxış edən Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə xüsusi həssaslıqla yanaşırlar. İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verildiyini deyən şəhər rəhbəri Heydər Əliyev Fondunun dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynadığını diqqətə çatdırıb. DQİDK-nin sədri Sahib Nağıyev rəhbəri olduğu qurum tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Gəncə şəhərində təşkil olunan 3 günlük konfrans da bu amala xidmət edir. Digər natiqlər də Azərbaycan dünyəvi dövlət olsa da, xalqımızın hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qaldığını, ölkəmizin dövlət-din modelinin zəngin tariximizə, tolerant ənənələrə əsaslandığını bildiriblər. O da vurğulanıb ki, tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı hazırda da dövlətin əsas prioritetlərindəndir. Bütün bunlar isə öz növbəsində Azərbaycandakı dövlət-din münasibətlərinin digər ölkələrə nümunə göstərilə biləcək səviyyədə olduğunu bir daha sübut edir. Çıxışlardan sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Azər Tağızadə Geri dön |