Ana Sayfa > Özəl > “Prokuror” tamaşası dağlar diyarında

“Prokuror” tamaşası dağlar diyarında


24-07-2023, 08:22. Yazar: sevinc1
“Prokuror” tamaşası dağlar diyarında

Müstəqil Azərbaycanın qurucusu, bütün türk dünyasının dahi oğlu, ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində dağlar diyarı Lerik rayonunda təşkil olunan müxtəlif səpkili tədbirlər sakinlərdə böyük maraq yaradır. Növbəti belə tədbirlərdən biri Milli Qəhrəman Rövşən Abdullayev adına Lerik rayon Mədəniyyət Mərkəzində keçirildi. Belə ki, Lənkəran Dövlət Dram Teatrının kollektivi burada rayon sakinləri üçün yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin ”Prokuror” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı göstərdi.
Onu da bildirək ki, tamaşadan əvvəl teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Vəliməmmədova , Lerik rayon prokurorunun köməkçisi Elmin Məmmədzadə çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı, digər bütün sahələr kimi teatra və prokurorluq orqanlarına olan diqqət və qayğısı , həmçinin yazıçı Məmmədhüseyn Əliyevin yaradıcılığı haqqında ətraflı məlumat verdilər.

Quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanova olan tamaşanı məndə izlədim. 1976-1987-ci illərdə Lənkəran rayonunun prokuroru olan Əməkdar hüquqşünas Tələt Qənbərovun 90 illik yubileyinə həsr edilmiş bu səhnə əsəri konkret cinayət faktı üzərində qurulub. Gənc hüquqşünas Şöhrət Poladov Xınalı rayonuna prokuroru vəzifəsinə göndərilir. Anası Surə xanım oğlunun bu təyinatı ilə razılaşmır. Səbəb onun əri illər öncə Xınalıda qətlə yetirilib, qaldı ki, cinayətin üstü hələ də açılmayıb. Surə xanım nə qədər çalışsa da, Şöhrət inadından dönmür. Xınalıda isə Şöhrəti çətin işlər gözləyir. Yəni tikinti trestində cinayət hadisəsi baş verib və günahsız şəxs həbsxanaya salınıb. Əsl cinayətkarları ifşa etməkdən ötrü indi isə rayon prokuroru Şöhrət Poladovun bacarıq və öz işinə vicdanlı münasibətdən çox şey asılıdır. Prokurorun gərgin səyləri sayəsində son nəticədə ədalət zəfər çalır, cinayətin səbəbkarları layiqli cəzasını alırlar.
Rolları Əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa edən tamaşanı izləyən leriklilər ondan mənəvi zənginlik qazandılar, bir də haqqın həmişə qələbə çalacağına ürəkdən inandılar

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az





Geri dön