Ana Sayfa > Manşet / Gündəm / Ölkə / Özəl / Parlament / Media > Nəsimi rayonunda mətbuat işçiləri ilə görüş keçirilib
Nəsimi rayonunda mətbuat işçiləri ilə görüş keçirilib21-07-2023, 14:59. Yazar: sevinc1 |
İyul ayının 21-də Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 148 illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib. Tədbirdə İcra Hakimiyyətinin başçısı, müavinlər, RİH aparatının məsul işçiləri, YAP Nəsimi rayon təşkilatının sədri və media nümayəndələri iştirak ediblər. Dəvət olunanlar sırasında aia.az (Azərbaycan İnformasiya Agentliyi) saytının əməkdaşları da yer alıblar. AİA.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirdi ki, 148 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin hər zaman medianın inkişafını diqqət mərkəzində saxladığını qeyd edən Asif Əsgərov vurğuladı ki, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, senzuradan qurtuldu. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə KİV-in sərbəst fəaliyyətinə və inkişafına ən böyük, misilsiz töhfəni vermiş oldu. Daha sonra A.Əsgərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Həmçinin Nəsimi RİH-nin başçısı Azərbaycan xalqının 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə mətbuat işçilərinin dəyərli töhfələr verdiklərini qeyd edərək, bu işin postmüharibə dövründə də uğurla davam etdirildiyini vurğuladı. Öz çıxışında Asif Əsgərov bu gün işğaldan azad edilmiş ərazilərimizdə gedən irimiqyaslı bərpa – yenidənqurma işlərindən də bəhs edərək, bu istiqamətin hazırda dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd etdi. A.Əsgərov həmçinin Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyevin Fondunun Qarabağda və Şərqi Zəngəzurda aparılan işlərə, xüsusilə də dini və tarixi-mədəni irsimizin inciləri hesab olunan memarlıq abidələrinin bərpası yönümündə görülən işlərə verdiyi misilsiz töhfələrin önəmini vurğuladı. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu. Geri dön |