Ana Sayfa > Özəl > Şəhidin həyat yoldaşı məzun olub

Şəhidin həyat yoldaşı məzun olub


19-07-2023, 12:48. Yazar: sevinc1
Şəhidin  həyat yoldaşı məzun olub

Bu təhsil ilində Lənkəran Dövlət Universitetini 1025 məzun bitirib. Lənkəran elinin qürur yeri, adı bütöv bir xalqın qəhrəmanlıq simvolu kimi dillərdən düşməyən Vətən müharibəsinin şəhidi, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel xanım da bu məzunlar arasında yer alıb. Belə ki, Aysel Kazımova Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurub. O, bildirir ki, mənim ali təhsil almağım elə Vüsalın arzusu idi. Vüsal Vətənini, xalqını çox sevirdi. Həyatım boyu çalışaram ki, əməllərimlə həmişə onun qəhrəman adına şərəf olum. Həm də yadigar qoyduğu iki qız uşağını onun kimi ləyaqətli tərbiyə edərəm. Qızları- Nuray, Aynur ataların dövlət tərəfindən layiq görüldüyü “İgidliyə görə”, “Vətən uğrunda”, eləcə Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medallarına baxıb qürurlanır...
Qəhrəman adı Vətəninə, xalqına şöhrət olan Vüsal Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kənd məktəbində alıb, Lənkəran Dövlət Universitetinə daxil olur və oranı fərqlənmə diplomu ilə başa vurub. Bir il Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən-tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib. Həmçinin Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində qiyabi olaraq “Mühasibat uçotu və audit” ixtisası üzrə ikinci təhsilə də yiyələnir. Təhsili ilə bərbər Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Köksündə əsl qəhrəman ürəyi döyünən Vüsal Kazımov 2020-ci il başlanan Vətən müharibəsinə könülü olaraq yollanır. Füzulidə, Cəbrayılda, Xocavənddə ağır döyüşlərdə fərqlənir. Yağıya qan uydurur, onun kabusuna çevrilir. Hər dəfə də Şuşanı görmək arzusu ilə özünü odun-alovun içinə atır və onu yağıdan azad etmək üçün son nəfəsinədək vuruşacağına and içir. Elə cəsur baş leytenant Şuşa döyüşündə düşmən gülləsinə tuş gəlib, əbədiyyət adlı dünyasına qovuşur. Özü getsə də, yazdığı qəhrəmanlıq tarixi örnək olaraq əbədi qalır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön