Ana Sayfa > Özəl > Müdrik xarici siyasətin nəticəsi
Müdrik xarici siyasətin nəticəsi18-07-2023, 12:06. Yazar: sevinc1 |
Cənab Prezident İlham Əliyev bir müddət əvvəl verdiyi müsahibəsində qeyd etmişdi ki, ölkə rəhbərliyi “balanslaşdırılmış xarici siyasət axtarmır, əksinə, xarici siyasətlə milli maraqlarını qoruyur və mümkün riskləri azaldır”. Müasir dünyada hər bir ölkə beynəlxalq arenada mövqeyini gücləndirəcək, o cümlədən lazım olan məsələlərdə dəstək verəcək güclü xarici siyasət qurmağa çalışır. Azərbaycan üçün xarici siyasət istiqamətində ən əsas məsələlər Dağlıq Qarabağ münaqişəsinin biryolluq həlli, həmçinin beynəlxalq nəqliyyat və enerji layihələridir. Əgər Qarabağ münaqişəsinin əvvəlində Azərbaycan xarici dəstək baxımından əziyyət çəkirdisə, bu gün bu məsələ artıq tamamilə həll olunub və daha dərinə getsək, beynəlxalq vasitəçilər Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha çox Azərbaycanın mövqeyini dəstəkləyirlər. Bunu yulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş sayca altıncı görüşün yekunları da təsdiqlədi. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı məslələrin müzakirəsi və bir daha ərazi bütövlüyünün tanınması barədə bəyanatlar bu görüşün mühüm irəliləyiş olduğunu nəzərə çarpdırmış oldu. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsiplərinin əks olunması bir daha kimin həiqətən sülhpərvər və humanist mövqedən çıxış etdiyini göstərdi. Təəssüf ki, Ermənistan hər görüşdə bu fikirlərlə razılaşdığını bildirsə də, hələ də sülh sənədinin imzalanmasını yubatmağa, sözdə deyilənlərin kağızda əksini tapmasına mane olmağa cəhd edir. Lakin, necə deyərlər, divar qurtarıb və Ermənistan rəhbərliyi dalana dirənib. Çünki Cənubi Qafqazda yeganə güc faktoru olan Azərbaycanın haqlı mövqeyi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Qərb dairələrində qəbul edilməkdədir və edilir də. Lakin Brüssel görüşünün əsas müzakirə mövzularının bir qədər də genişlənməsi, Azərbaycan tərəfinin irəli sürdüyü təkzibedilməz faktların və reallıqların qəbul edilməsi onu göstərir ki, iqtisadi və hərbi qüdrəti artan ölkəmizin diplomatik masada əli möhkəmdir. Ölkə başçısı qətiyyəli mövqe sərgiləyir və Azərbaycanın suverenliyinin qorunması etibarlı əllərdədir. İndi artıq Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü bütün təkliflərlə razılaşmaq məcburiyyətindədir. Çünki dövlət başçımız tərəfindən irəli sürülən təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələlərinin, habelə, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə olunması diqqəti cəlb etmişdir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin humanitar yüklərin çatdırılması ilə bağlı Azərbaycanın təklifini dəstəkləməsi Azərbaycanın növbəti uğurudur. Görünən odur ki uğurlu diplomatik siyasət nəticəsində Azərbaycan artıq Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı kimi qəbul edilir. İstər ABŞ, istərsə də Avropa Azərbaycanla tərəfdaşlığa daha çox üstünlük verir, Ermənistanın yalançı hay həşirinə getdikcə laqeyd qalmağa başlayır. Belə bir vəziyyətin yaranması isə ilk növbədə cənab Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsidir. Gülər Sultanzadə, Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü. Geri dön |