Ana Sayfa > Özəl > Yer üzünün parlaq ülkəri...

Yer üzünün parlaq ülkəri...


18-07-2023, 11:26. Yazar: sevinc1
Yer üzünün parlaq ülkəri...

Tanrının verdiyi ömrə qəlbinin sönməz işığı, hərarəti ilə gözəlik qatan dəyərli Azərbaycan xanımıdır Ülkər müəllim. Onun hər əməlində ürək yaz çəməni tək çiçəklənir. Özü sevilən ömür olduğu kimi, illərin səfində xalqına da insanlığa bəzək olan mənəvi sərvət qoyur. Bu sərvətin özündə vətən torpağının özü boyda ilahi bir məhəbbət yaşayır. Gördükləri dünyanı gözəllik işığına qərq edir, həyata əzəmət gətirir, ən əsası hər kəsin kamil, xoşbəxt yaşamasına görə onu mehr, məhəbbətlə bəzəyir...
Ülkər Hüseynova Lənkəran şəhər 2 saylı tam orta məktəbdə müəllim işləyir. O, əslən, qəlbən, ruhən müəllimdir. Bu, adın şərəfini yaxşı başa düşür, daim onu yüksək saxlayır. Şagirdləri qarşısında işıqlı çöhrəsində qibtə ediləsi bir təbəssüm neçə qəlbdə özünə yurd salır, orada müqəddəslik zirvəsinə ucalır, yollara nur çiləyir və eldə, obada sevinc, fərəh yaradır. Bütün bunlara görə Lənkəran camaatı Ülkər müəllimə əsl övlad sevgisi bəsləyir. O, da bu bulaq şəffaflı, çiçək təravətli məhəbbətlə bir daha qürur duyur, səadətini məktəb divarları arasında tapır.
1974-cü ildə Lənkəran şəhərində öz müəllim əməyi sayəsində insanların sevgisini daşıyan, böyük ürək sahibi Vaqif kişinin halal ailə ocağında bir qız uşağı dünyaya göz açır. Yaxşılıq gözündə ucala-ucala yaşayan, gözəl münasibətlərin ünvanı olan ata-ana qızına Ülkər adını qoyurlar. Uşağın layla payını ana- dil-ədəbiyyat müəllimi Sürəyya xanım insan mənəviyyatına təravət gətirən el inciləri hesabına bolluca boğçalayır. Ulduz qız da göylərin genişliyini ruhuna hopdura-hopdura boy atıb məktəbə sevinclə yola düşür. Zərif, kövrək uşaq dünyasına oxumaqla günbəgün mənəvi zənginlik qatır. Yaxşı oxuyur, kitabların sehrli aləmi Ülkərin çiçək-çiçək arzularına əzəli, əbədi işıq tutur. Məktəbli qız öz səmimiyyəti, əxlaqi, dərin zəkası ilə hamının hüsn-rəğbətini qazanır. Ürəyində açılmamış neçə qönçə arzusuna çatmaqdan ötrü müəllimlik sənətini özünə hər şeydən əziz bilir, bu şərəfli sahədə vətənin, xalqının xoşbəxtliyi naminə çalışmaq bütün arzularının zirvəsində dayanır.
Nəhayət, saf, ülvi duyğuların qanadında Ülkər 16 yaşında orta məktəbi başa vurur. Sevda yolçusu olduğu ən böyük səadəti, həyatın varlığını onunla bağladığı müəllim peşəsinə bir az da yaxınlaşır. Əvvəlcə Ülkəri Lənkəran Peşə Liseyinə dərnək rəhbəri dəvət edirlər. Axı onun ağlına, biliyinə şəhərdə tanıyanları bələd idilər. Tezliklə şən, mehriban qız liseydə hamının istəklisi olur. Bütün bunlara görə qəlbi sevinclə döyünür, göstərilən ehtiram onu yüksək amalına doğru aparır. 1992-ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyatı şöbəsinə daxil olur. İlk mühazirələri dinləyib, ilk seminarda iştirak edəndə sonra tam şəkildə həyatda seçdiyi yolun düzgünlüyünə inanır, ürəklə, ehtirasla öyrənir. Ana dilinin şirinliyi, incəliyi, Nizaminin, Füzulinin, Sabirin, millətin neçə-neçə belə dahilərin ölməzliyi canına, qanına hopduqca, özü də universitet müəllimlərin, tələbələrin gözündə ucalır. Tələbə Ülkər dünyanın varlığını da, gözəlliyini də belə dahilərlə bağlayır, eşqində, gözündə sehrli nur gələcəyə yol alır. Ali məktəbi bitirib, Ana dili və ədəbiyyat müəllimi kimi əvvəlki iş yerinə- Lənkəran Peşə Liseyinə qayıdır. Beş il bu liseydə gənclərə dərs deyir. Şagirdlərin gözündə hərdən damcı-damcı büllur şeh olur, hərdən isə az yaşında düşüncəli müdrik dağ. Beləcə də onlara düzlük, mərdlik, doğma torpağa, vətənə bağlılıq, məhəbbət aşılayır.
Hazırda Ülkər Hüseynova 20 ildən çoxdur ki, 2 saylı məktəbdə Ana dili və ədəbiyyat dərslərini tədris edir. Həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etməyi müqəddəs, şərəfli iş bilir. Ürəyi dolu, sinəsi ilhamlı müəllimdir. Fikri, düşüncəsi günəş tək parlaqdır. Həmişə üzərində işləyir, mütaliəni unutmur, cəmiyyətimizdə baş verən bütün yeniliyi hamıdan qabaq görür. Başlıcası Ülkər müəllimin yüksək mədəniyyəti, gözəl əxlaqı, dərin biliyi, sənətinə ürəkdən bağlılığı ona tərbiyə etməyə mənəvi hüquq verir. Adı şəhərdə adlı-sanlı müəllimlərin sırasında çəkilir. Burada uşaq da, böyük də ona hörmətlə yanaşmağı özünə borc bilir. Ehtirama cavab olaraq Ülkər müəllim ömrünün şirin, axar-baxarlı cağlarını şagirdlərinə qurban verməkdən zövq alır, onların həyatda layiqli mövqe tutması üçün səy göstərir.
Fəqət, dərin savadı, yaxşı ziyalı kimi yüksək etik mədəni davranışı, humanist keyfiyyətləri nümunə olası dərəcədədir. Dərs dediyi şagirdlərin çoxu ali təhsil almış, müxtəlif peşə sahibi olaraq vətənə, millətə ləyaqətlə xidmət edirlər. Həm Ülkər müəllimə ona görə inanırlar ki, ziyalılıq onun daxilində, mənəviyyatındadır. Cəmiyyətdə yüksək mövqe tutmasına, şərəfli əməyi ilə yüksəlməsinə ürəkdən sevinənlərin xoş sözlərini eşitmək yerinə düşər.
Pərvin Hüseynli( gənc yazar): - Ülkər müəllimə 5-ci sinifdən 11-ci sinfə qədər mənə Ana dili və ədəbiyyat fənlərini tədris edib. Üzündən xoş təbəssüm heç zaman əskik olmazdı. Səsi elə məlahətli, elə şirin idi ki, istəməzdim dərs saatı bitsin. Sinfə hər daxil olanda sanki qara buludla örtülmüş göy üzü aydınlaşır, nur görmüş pərvanə kimi onun ətrafına yığışardıq. Dilində adi söz də füsunkar gözəllik kəsb edərdi. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, şagirdlərin yaxşı sorağını aldıqca qəlbi fərəhlə dolardı. Onun kimi müəllim indiki zamanda cəmiyyətə hava, su, çörək qədər lazımdır...
Ağamir Cavad( pedaqoq şair):- Ülkər xanım qədər xoşbəxt insan, müəllim yoxdur. Axı, o, canı qədər sevdiyi peşəsi ilə xalqımızın mənəvi dünyasında silinməz izlər qoymağı bacarır. Müəllimliyə olan sevgisi ilahi sevgidir. Odur ki, həmişə uğur qazanır. Sözün müqəddəsliyinə tapınmaqla yaradıcılığı da şirindir. Yaxşı pedaqoq, gözəl qələm sahibi olaraq şəhərdə çoxdan tanınır.
Tükəzban Cahangirova( şairə):- Ülkər xanım yaxşı müəllim, əsl insandır. Qayğıkeşliyinə, mehribanlığına heyran qalmamaq olmur. Müəllimlik onun üçün hər şeydən yüksəkdir. Sənətinə insan mənəviyyatının sehrli güzgüsü kimi baxır. Həm də Lənkəran Dövlət Universitetinin doktorantıdır. Elmi məqalələri Türkiyənin, Rusiyanın müxtəlif, sanballı mətbuat orqanlarında işıq üzü görür. Ülkər xanım zəhmətkeş, fitri istedada malik bir ziyalı olaraq elmi fəaliyyətini “ Qövsi Təbrizi divanının elmi-filoloji- tədqiqi “ mövzusuna həsr etmişdir. Deyərdim bütün taleyini şərəfli müəllimlik peşəsinə bağlayıb və indiyə qədər bu yolu etibarla gedib, bundan sonra da belə olacaqdır. Parlaq zəkası, kamil və bütöv xarakteri, daxili həssaslığı bunu yaxşı göstərir. Ulu Tanrı onu müəllim olub xalqının yoluna ziya nuru səpmək üçün yaratmışdır. İki qız övladı böyüdüb. Qızların anadan götürdüyü yalnız təmiz əməllərdir...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az

Geri dön