Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan regional sülhü qorumaq üçün daha güclü olmalıdır”
Novruzəli Aslanov: “Azərbaycan regional sülhü qorumaq üçün daha güclü olmalıdır”13-07-2023, 10:29. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə etdiyi çıxışında dövlətimizin istər daxili, istərsə də xarici siyasətində qarşıda duran əsas vəzifələrə dair önəmli açıqlamalar təqdim olundu. Birinci yarımildə ölkənin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi kimi istiqamətlərdə qarşıya qoyulan cari vəzifələrin uğurla icra olunması respublikanın iqtisadi gücünün və əlbəttə ki, həyata keçirilən dövlət siyasətinin məqsədyönlüyünün göstəricisi kimi qiymətləndirilməlidir. Müşavirədə təqdim olunan rəqəmlər də həm neft, həm də qeyri-neft sektorlarında önəmli irəliləyişlərin olduğunu deməyə əsas verir. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasət kursunun tələblərinə uyğun olaraq maliyyə sektorunda nizam-intizamın daha da möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında effektiv islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi artıq ilin ortasında büdcəyə yenidən baxılmasına və müəyyən dürüstləşmə aparılmasına imkan verdi. Əldə olunan əlavə gəlirlər hesabına büdcəyə əlavələr edildi və təcili həllini gözləyən bir çox məsələlərin həlli bir qədər də tezləşdirildi. Təbii ki, büdcəyə əlavələrin böyük hissəsi iki əsas istiqamətə, azad edilmiş torpaqlarda aparılan geniş quruculuq işlərinə və ölkənin hərbi potensialının gücləndirilməsinə yönəldilib. Çünki məhz bu iki istiqamət həqiqətən bu gün ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən əsas məsələlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi və ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyası, keçmiş məcburi köçkün vətəndaşların öz dədə-baba torpaqlarına qayıdışı və burada məskunlaşmaları vacib strateji məsələlərdir. Bu məsələlərin həllinə Azərbaycan Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdıqdan dərhal sonra başlanılıb və hazırda proses uğurla davam edir. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilməsi bu istiqamətin müstəsna önəminin daha bir təsdiqidir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Daha sonra deputat fikirlərini davam etdirərək ölkənin hərbi gücünün artırılmasının ən vacib məqamlardan biri olduğunu qeyd edib: “Azərbaycan sülhsevər ölkədir və dövlətimiz bunu dəfələrlə bütün dünyaya nümayiş etdirib. Lakin sülhün qorunması elə də asan məsələ deyil. Müasir dünyada gedən proseslər də göstərir ki, bu gün artıq heç bir ölkənin suverenliyi və ərazi bütövlüyü sadəcə beynəlxalq konvensiyalar, imzalanmış sazişlər və ya qəbul olunmuş qətnamələrlə təmin edilə bilmir. Buna nail olmağın yeganə yolu güclü olmaq, qüdrətli orduya sahib olmaqdır. Yalnız müharibəyə, özünü müdafiəyə hazır olmaqla sülhü və əmin-amanlığı qorumaq olar. Xüsusən də əgər bir ölkənin əlverişli geostrateji mövqeyi, zəngin təbii sərvətləri və torpaqlarına göz dikən qonşusu varsa bu ölkə hər zaman ordu quruculuğu prosesini diqqət mərkəzində saxlamalıdır. Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün artıq beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə və güc amili ön plana çıxıb. Böyük dövlətlər beynəlxalq hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Buna görə də biz özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanda bu istiqamətdə çox işlər görülüb və bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir və ölkənin təhlükəsizliyi etibarlı əllərdədir.” Həmçinin N.Aslanov ölkəmizin nəqliyyat və beynəlxalq daşımalar sahəsində getdikcə daha çox aparıcı mövqelərə çıxmasının önəmini vurğulayaraq bunları deyib: “Məlumdur ki, yeni dünya düzəninin formalaşması prosesi planetin bir çox regionlarında hərbi münaqişlərlə müşayiət olunur. Bu isə beynəlxalq ticarətə vurula biləcək ən böyük zərbələrdən biridir. Müharibələr artıq ənənəvi nəqliyyat dəhlizlərindən istifadəni çətinləşdirir və bəzən ümumiyyətlə mümkünsüz edir. Buna görə də yeni marşrutların yaranması zərurəti ortaya çıxır. Bu baxımdan Azərbaycanın əlverişli coğrafi yerləşməsi ölkəmizə əlavə imkanlar yaradır. Öz çıxışında bu məsələyə xüsusi toxunan möhtərəm dövlət başçımız da qeyd etdi ki, həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Bu gün Azərbaycan öz nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara, ilk növbədə Qara dənizə çıxara bilib. Azərbaycan tarixində ilk dəfədir ki, hərəsi 115 min tonluq üç böyük tanker alınmışdır. Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar deməyə əsas verir ki, növbəti illərdə Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bu isə ölkəmizin iqtisadi gücünün artmasına növbəti töhfə olacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |