Ana Sayfa > Özəl > Torpağı Vətən edən Afərin

Torpağı Vətən edən Afərin


13-07-2023, 09:29. Yazar: sevinc1
Torpağı  Vətən edən Afərin

13 iyul Afərin Qulamzadənin doğum günüdür

Vətənin dar günündə dadına çatıb, onun yolunda canını fəda edən daha bir qəhrəmanımız Afərin Müqəddəs oğlu Qulamzadədir . Şəhidliyi xalqına igidlik, vətənsevərlik, əsl kişilık məktəbi olan Afərin 1999-cu ilin iyulun 13-də Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açıb. Elin İgid oğlu İkinci Qarabağ müharibəsi başlayan gündən doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutaraq, əlinə silah alıb özünü odun-alovun içinə atır, 30 il əsarətdə qalan Vətən torpaqların azadlığı uğrunda erməni dığaların kabusuna çevrilir. 3 noyabr tarixində Xocavənd istiqamətində gedən haqq savaşımızda 21 yaşında düşmən gülləsinə tuş gəlir. Onda yurdunun yağ tapdağından qurtulmasına lap az qılırdı. Afərin kimi minlərlə qəhrəmanın torpağa axıtdığı qan hesabına üçrəngli ay-ulduzlu qələbə bayrağımız əzəli-əbədi yurd yerimiz Qarabağın əksər yerində dalğalanırdı.

Afərinin döyüş yolu müharibənin ən qaynar nöqtəsi olan Füzulidən başlanır. Hər an Vətən uğrunda canından keçməyə hazır olan igid döyüşçü bir-birindən çətin müharibə meydanlarında yaşının çərçivəsinə sığmayan rəşadət nümunəsi göstərir. Döyüşlərin birində yaralı komandirini atəş zonasından çıxararkən ayağından ağır yaralanır. Afərin 3 gün hərbi hospitalda müalicə alsa da, ailəsinə bu barədə bir söz demir. Sağalar–sağalmaz döyüş meydanına, silahdaşlarının yanına qayıdır. Döyüşdən-döyüşə bərkiyən qəhrəman Vətən oğlu son nəfəsinə qədər erməni dığalarına qan uddurur...

Şəhidin atası Müqəddəs kişi oğlu ilə fəxr etdiyini deyir: “Oğlum Vətəninə çox bağlı idi. Elə bu istəyinin arxasınca gedərək qəhrəmancasına şəhid oldu. İndi bütün xalqım onu özünə iftixar mənbəyi bilir. Oğlumun yeri cənnət, adı isə Azərbaycanla qoşadır. Həm də Afərin ermənilərə qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallara, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenə layiq olubdur. Hər dəfə qürur, şərəf rəmzi olan Vətən mükafatlarına əllim dəyəndə sanki oğluma sığal çəkirəm.”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az


Geri dön