Ana Sayfa > Gündəm / Özəl > Cari ilin ilk yarısında Azərbaycanda dinamik inkişaf müşahidə olunub

Cari ilin ilk yarısında Azərbaycanda dinamik inkişaf müşahidə olunub


12-07-2023, 22:43. Yazar: sevinc1
Cari ilin ilk yarısında Azərbaycanda dinamik inkişaf müşahidə olunub

Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrini darmadağın edərək tarixi Qələbə əldə etməsi ölkəmizin bütün sahələrdə sürətlə irəliləyişinə yeni, güclü təkan vermiş oldu. Bu irəliləyiş müasir dünyanın əksər ölkələrində hazırda müşahidə olunan iqtisadi və siyasi böhranların, bir çox dövlətlərin cəlb olunduqları silahlı münaqişələrin fonunda Azərbaycanda inkişaf dinamikasının yüksəlməsində, dayanıqlı ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsində və əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunun artmasında özünü göstərir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına birdəfəlik son qoyduqdan sonra qarşıda duran iki əsas vəzifə dövlətimizin başçısı tərəfindən prioritet istiqamətlər olaraq müəyyən edildi. Bunlardan biri i.ğaldan azad edilmiş ərazilərin yenidən qurulması, digəri isə ölkənin hərbi qüdrətinin artırılmasıdır.

Birmənalı olaraq demək lazımdır ki, bu istiqamətlərin hər ikisi ölkəmiz üçün vacib həyati əhəmiyyət kəsb edir. Eyni zamanda iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş və 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən dövlət başçısı bunu da qeyd etdi ki, cari ilin ilk yarısında müəyyən olunmuş iki istiqamətlə yanaşı ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi də əsas vəzifələrdən olub. Aydındır ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilk növbədə keçmiş məcburi köçkün vətəndaşlarımızın yenidən öz dədə-baba yurdlarına qayıdışlarını təmin etmək üçün zəruridir. Həmçinin ölkə ərazisinin 20 faizini təşkil edən bu torpaqların respublikanın ümumi iqtisadi sisteminə reinteqrasiyası Azərbaycanın inkişafına önəmli töhfə olacaq. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İlin sonuna qədər isə Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Beləliklə, “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir və möhtərəm Prezidentimizin dediyi kimi, artıq bu ilin sonuna qədər beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Əsas vəzifə kimi müəyyən olunmuş digər istiqamət də əlbəttə ki, hərbi gücün artırılması ilə bağlıdır. Qeyd olunmalıdır ki, bu gün ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atılır. Çünki beynəlxalq hüquq normalarının getdikcə daha çox pozulduğu, böyük dövlətlər tərəfindən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada istənilən bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü qoruya bilməsi üçün bu ölkənin güclü orduya malik olması vacib şərtdir. Bu gün artıq bir çox qlobal forum və platformalarda beynəlxalq hüququn işləməməsi barədə fikirlər səsləndirilir. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq uzun illərdir ki, bu məqamı beynəlxalq ictimaiyyətin diqqətinə çatırmaq üçün səylərini əsigəmir. Azərbaycanın otuz illik təcrübəsi, torpaqlarımızın işğal altında olduğu dövrdə cərəyan edən hadisələr açıq-aydın göstərdi ki, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Azərbaycan isə, dövlət başçımızın dediyi kimi, həmişə beynəlxalq hüququn, ədalətin tərəfdarı olub və bu, indi də belədir.

Həmçinin cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanla olan münasibətlərə dair önəmli fikirlər səsləndirib. Qeyd olunub ki, bu gün Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycan-Ermənistan münasibətlərinin vacib rol oynayır. Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə və yeni regional reallıqların müəllifi olmaqla bir çox üstünlüklərə malikdir. Bu gün məhz Azərbaycanın yürütdüyü siyasət Ermənistan tərəfini də vacib müsbət addımlar atmağa sövq edir. Lakin nəticə yenə də təkcə bizim ölkədən asılı deyil. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır və Ermənistanla sülh sazişi də yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön