Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”

Səttar Möhbalıyev: “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”


12-07-2023, 14:02. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”

“Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir: “Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirə olunmazdır. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün Ordumuz daha da güclü olmalıdır və bu belədir”.

“Müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev ekoloji məsələyə də toxundu və konkret tapşırıqlarını verdi. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Prezidentimizin ifadə etdiyi kimi, həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir”,- Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev bildirib ki, dövlətimizin başçısı keçirdiyi müşavirədə ölkəmizdə bərqərar olan sarsılmaz sabitliyi pozmaq düşüncəsində olan şəxslərə öz yerlərini göstərdi və bəyan etdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb: “Bu, o deməkdir ki, heç kim Azərbaycanda hökm sürən sabitliyi, əmin-amanlığı poza bilməz. Vətəndaşlarımız öz dövlətlərinin ətrafında sıx birləşərək xoşbəxt və firavan həyat yaşayırlar. Təbii ki, bu nailiyyətlərdə Azərbaycan polisinin fədakar əməyi danılmazdır. Onlar gecə və gündüz dövlətimizin və xalqımızın təhlükəsizliyini vicdanla yerinə yetirir, qanunun keşiyində etibarlı dayanaraq cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərilərinə düşən funksiyaları yüksək peşəkarlıqla icra edirlər. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan polisi dünyanın ən nümunəvi polisidir”.
AHİK sədri vurğulayıb ki, ilin birinci yarısının sosial-iqtisadi yekunları bizi əmin etdi ki, dövlətimiz 2023-cü ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə göstəricilər yüksələcək, ölkəmizin iqtisadi imkanları daha da artacaq.
Geri dön