Ana Sayfa > Gündəm / Özəl > Azərbaycanın Azərbaycana qayıdış günü
Azərbaycanın Azərbaycana qayıdış günü12-07-2023, 10:30. Yazar: sevinc1 |
Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin böyük səriştəsi, bacarıqlı idarəçilik və təşkilatçılıq qabiliyyəti, şəxsiyyəti, qısa müddətdə əldə etdiyi nəhəng nailiyyətlər hər kəsin diqqətini çəkmiş, Ulu Öndər ittifaq rəhbərliyinə qədər yüksəlmişdir. O, 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirdiyi islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi. Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi. Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi böyük tarixi ad qazanmışdır. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Hazırda bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı çox qısa zamanda dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmişdir. Ötən dövr onu göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. İnsana qayğı, milli və mənəvi dəyərlərə sədaqət, dövlətçiliyimizə yorulmadan xidmət bu siyasi kursun əsasını təşkil edir. Gülər Sultanzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, YAP Binəqədi rayon təşkilatının fəal üzvü. Geri dön |