Ana Sayfa > Özəl > Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə böyük uğurlara imza atıb
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə böyük uğurlara imza atıb8-07-2023, 16:11. Yazar: sevinc1 |
Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına rəhbərliyi yüksək beynəlxalq etimadın nəticəsidir. Ölkəmizin sədrlik müddəti Hərəkatın tarixində yadda qalan dövr olmuş və Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadılmışdır. Bu müddət ərzində ölkəmiz prinsipial mövqe nümayiş etdirmiş və “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. İyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin Hərəkata uğurlu sədrlik fəaliyyətindən bəhs edərək görülmüş işlərdən danışdı. Prezident İlham Əliyev xatırlatdı ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir. Ölkəmizin sədrliyi müddətində Qoşulmama Hərəkatı institusional inkişaf mərhələsi keçmişdir. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünmüş və bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil edilmişdir. Azərbaycanın sədrliyinin digər prioriteti isə ehtiyacı olan ölkələrə yardım göstərmək olmuşdur. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib. Bütün bunlardan əlavə, Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib. Ölkəmiz ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb. Prezident İlham Əliyev öz çıxışı ilə Qoşulmama Hərəkatı qarşısnda bir sıra mühüm vəzifələr də müəyyənləşdirmiş oldu. Belə ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır. Çıxışında hazırda beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğulayan Prezident İlham Əliyev BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu bildirdi. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Təhlükəsizlik Şurasında daha çox ölkə təmsil olunmalı və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibi genişləndirilməlidir. BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |