Ana Sayfa > Gündəm / Özəl > Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələri yüksələn dinamika ilə inkişaf edir

Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələri yüksələn dinamika ilə inkişaf edir


8-07-2023, 15:11. Yazar: sevinc1
Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələri yüksələn dinamika ilə inkişaf edir

Cari ilin iyul ayının 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlər əsnasında vacib məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, bu, Prezident Beqayın ölkəmizə bu il artıq ikinci səfəridir. Ötən il sə, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilk dəfə Albaniyaya rəsmi səfər etmişdi. Qarşılıqlı səfərlərin bu intensivliyi iki ölkə arasında sıx əlaqələrin və fəal dialoqun olduğunu nümayiş etdirir. Diqqətəlayiq haldır ki, ötən il dövlət başçımızın Albaniyaya səfərindən sonra Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı qərar qəbul etdi. Hər iki qərar ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, əlaqələrin və yüksək səviyyəli siyasi dialoqun daha da gücləndirilməsinə böyük töhfədir.

Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, Azərbaycan-Albaniya münasibətlərində mövcud olan səmimiyyət ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərinə verdikləri dəstəkdə özünü açıq-aydın göstərir. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsinin gedişi zamanı Albaniya rəsmilərinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası dəstəklənib. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz bütün beynəlxalq təşkilatlarda və ilk növbədə əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatında, eləcə də İslam Əməkdaşlıq Təşkilatında bir-birinə dəstək verir. Möhtərəm dövlət başçımız ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə Albaniya Prezidentinə və hökumətinə bir daha öz minnətdarlığını bildirdi. Həmin sammitdə Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan məzmunlu bir bəndi əlavə edərək onu qəbul etdirməyə cəhd göstərmişdi. O vaxt məhz Albaniya həmin bəndi bloklamaqla Azərbaycana qarşı səmimi dostluq münasibətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, bu addım həm də Albaniyanın ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə, ədalət prinsiplərinə qəti sadiqliyin təzahürü oldu.

Məlum olduğu kimi, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri olaraq, Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayıblar. Bu, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişafına yeni dinamika gətirib. Əlbəttə ki, bu əməkdaşlıq həm də çox sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün böyük əhəmiyyət kəsb edir. Albaniyanın ərazisindən keçən boru kəməri əslində Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından müstəsna rol oynayır. Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Bu baxımdan da Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Mətbuata bəyanatla etdiyi çıxışında Albaniya Prezidenti də öz ölkəsinin TAP-dan həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox faydalandığını xüsusi vurğuladı.
Bu ilin sonunadək Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qaz alacağı gözlənilir. Həmçinin dövlət başçılarının əvvəlki təmaslarında müzakirə olunan mövzulardan biri də Albaniyanın qazlaşdırılması layihəsi idi. Bu gün həmin layihə üzrə işlər cədvələ uyğun gedir. Maraqlıdır ki, bu qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq investisiya xalis Azərbaycana aid olacaq.

Bununla belə qeyd etmək lazımdır ki, bu gün ölkələrimiz arasında digər sahələrdə də iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Cari ilin may ayında Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun keçirilmiş iclası digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön