Ana Sayfa > Özəl > Azərbaycanın səyləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə yönəlib

Azərbaycanın səyləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə yönəlib


7-07-2023, 14:40. Yazar: sevinc1
Azərbaycanın səyləri Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsinə yönəlib

Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. Bu etimadın ilk ən bariz göstəricisi təşkilata üzv olan 120 ölkənin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Hərəkata sədrlik missiyasının Azərbaycana həvalə edilməsi olmuşdu. Ölkəmiz Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və mütəmadi olaraq təşkilatın dünyada nüfuzunun yüksəlməsinə xidmət edən çoxsaylı təşəbbüslərlə çıxış edib. Növbəti dəfə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi və yenə də yekdil qərarla uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın daha bir göstəricisi oldu. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində məqsədyönlü və effektli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Belə ki, ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. O cümlədən Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir. Bu gün də Azərbaycanın təşəbbüsləri Hərəkatın inkişafına öz töhflərini verməkdə davam edir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

İyul ayının 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun bakıda keçirilmiş “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu vurğuladı. Bunun qlobal təhdid olduğunu qeyd edən möhtərəm dövlət başçımız multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi məhz Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz yerini tapmalı olduğunu bildirdi. Qeyd olundu ki, Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini daha böyük təkidlə ucaltmalıdır. Həqiqətən də hazırda beynəlxalq hüququn norma və prinsiplərinin aşınması səbəbilə beynəlxalq düzən getdikcə daha çox təhdid altında qalır. Ölkələr və xalqlar suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilənın artması halları ilə getdikcə daha çox rastlaşırlar. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Buna bariz misal olaraq BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini göstərmək olar. Bu qurumun bəzi qətnamələri bir neçə günün içində icra olunduğu halda, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Lakin Azərbaycan bu vəziyyətlə heç zaman barışa bilməzdi və barışmadı da. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində bəzi ölkələr Azərbaycanın haqq işini əngəlləməyə çalışırdılar. O cümlədən həmin ölkələr tərəfindən BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində ölkəmizə qarşı qətnamə çıxarılmasına cəhd edilmişdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycanın əleyhinə olan bu bəyanatı blokladılar və bununla da ermənipərəst qüvvələrin ölkəmizə qarşı hücumu dəf olundu. Azərbaycan bu həmrəyliyə görə öz dostlarına hər zaman minnətdardır.
Cənab Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının müasir dünyadakı reallıqları əks etdirmədiyi və bu qurumun tərkibinin genişləndirilməsinin vacibliyi, o cümlədən Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrin BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalı olduqlarına dair dedikləri isə bütün dünya dövlətlərinə ünvanlanmış ciddi mesajdır. Xüsusilə, Fransa kimi öz mürtəce və iyrənc müstəmləkəçilik siyasətini hətta XXI əsrdə belə yaşatmağa çalışan, erməni separatizmini və terrorizmini hər vəchlə dəstəkləyən bir ölkənin daimi üzv olduğu BMT Təhlükəsizlik Şurası əlbəttə ki, dünyada sülhün və ədalətin müdafiəsinə əsla xidmət edə bilməz.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri

Geri dön